09:25 14-04-2021
news_image
79
FUTBOL

“Bavariya”nın baş məşqçisinin komandadan gedəcəyini açıqladı – Matteus

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Hans Diter Flikin komandasını sonuncu dəfə Çempionlar Liqası matçına çıxarıb.

Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin və Münhen təmsilçisinin sabiq futbolçusu Lotar Matteus açıqlayıb.

O, Çempionlar Liqasının 1/4 finalının PSJ ilə cavab oyunundan (1:0) sonra bildirib ki, Flik yayda “Bavariya”nı tərk edəcək: “Bu, Hans Flikin Çempionlar Liqasında “Bavariya” ilə son oyunu oldu. O, Almaniya Futbol İttifaqının yığmada Yoahim Lövü əvəzləməyə əsas namizədidir. O, yayda onların təklifini qəbul edəcək və milli komandaya gedəcək”.

Matteus “Bavariya”nın da yeni çalışdırıcısının kimliyinə aydınlıq gətirib. O qeyd edib ki, münhenlilər “Leypsiq”in baş məşqçisi Yulian Naqelsmanla anlaşacaq.

Qeyd edək ki, ilk oyunda 2:3 hesabı ilə uduzan “Bavariya” 1/4 final səddini keçə bilməyib.