12:36 14-04-2021
news_image
1416
FUTBOL

Azər Həşimov: “Anlayışı olmayanlar çoxdur ki, futbolumuz bu gündədir” - MÜSAHİBƏ

“Qəbələ”nin sabiq futbolçusu və məşqçisi Azər Həşimovun apasport.az saytına müsahibəsi

“Kuryer işi təklifi almışam”
- Sonuncu dəfə “Qəbələ”də çalışırdınız. Hazırda nə işlə məşğulsunuz?

- “Qəbələ”də seleksiyaçı məşqçi idim. “Qəbələ” mənə doğma klubdur, orada Tale Heydərov, Fariz Nəcəfov, Nail Kərimov kimi futbolu sevən insanlar var idi. Orada beş il oynamışam, beş il də məşqçi kimi çalışmışam. Sadəcə, maliyyə baxımından problem yarandı. Ötən ilin mayında ayrıldım. Həmin vaxtdan bəri də işsizəm. “Qəbələ”də hazırda, demək olar ki, ancaq qəbələlilər çalışır. Çünki kənardan gələn mütəxəssisin qalması, yeməyi əlavə xərcdir.

- Artıq bir ilə yaxındır işsizsiniz. Futbolçu vaxtından bu günlər üçün özünüzə gün ağlaya bilmişdiniz?
- Açığı, çətinliklə də olsa dolanırıq. İş təklifləri var, amma hərənin bildiyi bir sənət var. B kateqoriyalı məşqçiyəm, vaxtımı gözləyirəm. Dostlar-tanışlar başqa işlər təklif edirlər, məsələn, kuryer işi təklif olunmuşdu. Ancaq futboldan başqa bildiyim bir şey yoxdur.

- Futbol sahəsindən sizi axtarıb, maraqlanan yoxdur?
- “Səbail”in akademiyasında çalışmaq təklif olunub. Bu, gələn mövsüm üçün nəzərdə tutulub. Mən də hazırda da gözləmə mövqeyindəyəm.

- Belə bir vəziyyətdə koronavirus pandemiyası sizə ikiqat zərbə olmadı?
- Pandemiya təkcə futbola yox, bütün sahələrə təsir göstərdi. Təbii ki, hamı kimi, bizə də çətinliklər törətdi.

“Çempionat oyununa baxıram, elə bilirəm yoxlama görüşüdür”
- Sizin kimi, işsiz məşqçilərin sayı kifayət qədərdir. Bu, klub sayının azlığından qaynaqlanır, yoxsa futbolumuz doğru istiqamətdə yönləndirilmir?
- Bu, hamının yaralı yeridir. Klub az, məşqçi çox. Sizə, bir misal çəkim. Biz uşaq vaxtı toz-torpaqda məşq keçmişik, yaşıl meydança görəndə həyəcanlanırdıq ki, nə vaxtsa ora ayaq basacağıq. Səfər oyunları üçün digər bölgələrə gedirdik. Hiss edirdik ki, futbol oynayırıq. Amma indi Premyer Liqada 8 klub var ki, onun da 7-si Bakıda oynayır. Futbolçular Bakıdan çıxmırlar, səfər həyəcanı yaşamırlar. Bu əgər Azərbaycan çempionatıdırsa, Gəncənin, Tovuzun, Şəmkirin, başqa rayonların komandaları da iştirak etməlidir. Çempionat oyununa baxıram, elə bilirəm ki, hansısa yoxlama görüşüdür. Premyer Liqa klublarının çoxunu AFFA maliyyələşdirir. Həmin pulu elə bölgə komandaları üçün xərcləsinlər də. Ancaq Bakı komandalarına kömək etmək düzgün deyil axı. Hələ “Qəbələ”də oynayanda tez-tez Mingəçevirə toplanışa gəlirdik. Komandadakı əcnəbi futbolçular şəhərə heyran qalırdılar. İnanın ki, Region Liqasında Mingəçevirin komandası oynayanda şəhərdə sanki bayram ab-havası olurdu. İndi Premyer Liqaya heç bir maraq yoxdursa, hansı inkişafdan danışa bilərik? Kimə necə sərf edir, onu danışır. Reallığı demək lazımdır. Reallıq isə bundan ibarətdir ki, bu gün “Qəbələ” akademiyasında 21-22 yaşlı məşqçilər var. Halbuki onların futbolçu karyerası hələ indi başlamalıdır. Adicə birinci diviziona elə limit qoyublar ki, uşaqlar 22 yaşda karyeralarını bitirirlər. Bura uşaq bağçası deyil ki, hamısı gənclərdən ibarət olmalıdır. Bəs o uşaqların yanında təcrübəlilər olmasa, kimdən öyrənəcəklər?

“Futboldan anlayışı olmayan adam çoxdur ki, futbolumuz bu gündədir”
- Kənardan futbolumuz o qədər bərbad görünür?

- Çempionat 2005-06-cı illərdə görünürdü. Rayonlara gedirdik, yerli azarkeşlərin təzyiqi ilə qarşılaşırdıq. Futbol bir teatrdır, bunu da icra edənlər futbolçulardır. Amma indi tamaşanı öz-özlərinə keçirlər. Pandemiya olmazdan əvvəl də oyunlara 10-15 adam gəlirdi. İnkişaf uşaq futbolundan keçir. Mənasız legionerlər gətirirlər, lazımsız oyunçuları milliləşdirirlər, yığmaya əcnəbi baş məşqçi gətirirlər. Onlara tökülən bu pullar havaya sovrulur. Həmin pul uşaq futboluna yatırılsa, düzgün istiqamət verilsə, o zaman gələcək üçün nəyəsə ümid etmək olar. “Qəbələ” akademiyanın komandalarına pul ayırırdı, onları xarici ölkələrə turnirlərə göndərirdi. Bu da uşaqlara yeni təcrübə qazandırırdı. Digər klublar da “Qəbələ”nin bu sistemindən yararlanmalıdır. Deyirlər ki, Azərbaycanda futbol yoxdur. Futbol var, sadəcə düzgün istiqamət vermək lazımdır. Azərbaycan futbolunu yüksəltmək üçün AFFA ilə klublar zəncirvari şəkildə əməkdaşlıq içində olmalıdırlar. Bir də görürsən ki, klub AFFA-dan, assosiasiya hansısa klubdan şikayətlənir. Hamısı özündən başqa heç kimi bəyənmir. Belə iş aparmaq olmaz.

- Hamı deyir ki, inkişafa gedən yol uşaq futbolundan keçir. Bunları yəqin ki, AFFA və klub rəhbərləri də yaxşı bilirlər. Bəs niyə bu istiqamətə yönələn yoxdur?
- Bu sahədə çalışan insanlar futbolu sevməlidir. Daha düşünməməlidirlər ki, burada müvəqqətiyəm, bacardığım qədər yığım. UEFA uşaq futboluna pul ayırır. İnanın, çoxu fikirləşir ki, görüm burdan 3-5 manat özümə necə ayıra bilirəm. Sevgisi olan adam hələ öz cibindən pul verir ki, uşaqları həvəsləndirsin. Aşağı yaş qruplarındakı məşqçilərin də maaşı azdır. Onlara elə məvacib verməlisən ki, fikrini işinə cəmləyə bilsin, daha evindəki problemləri düşünməsin. Mənim 1995-ci ildəki ilk məşqçim Elbrus İsmayılov olub. O cür savadlı uşaq məşqçisi niyə bu gün orta məktəbdə idman müəllimi çalışmalıdır? Belələri çoxdur. Məsələn, bir müddət əvvəl keçmiş qapıçı Tomis Əsədovla rastlaşdım. Qızılını satırdı ki, gedib Rusiyada işləsin. Burada futbola yaxın buraxılmadığı üçün Moskvaya tikintidə işləməyə gedir. Bu gün işləyənlər arasında futboldan anlayışı olmayan adam çoxdur ki, futbolumuz bu gündədir.

- İldən-ilə yeni yetişən nəslin əvvəlkindən zəif olması fikri ilə razısınız?
- Tamamilə doğrudur. O vaxtkı futbolçuların adlarını saymaqla bitirmək olmaz. İndi adını çəkə, digərlərindən fərqləndirə biləcəyimiz barmaqla sayılacaq qədər oyunçu var.

“Əcnəbilər gedəndən sonra deyirlər ki, yaxşı aldatdıq, pullarını yedik”
- Maliyyə azaldıqca ölkəmizə gələn əcnəbi futbolçuların səviyyəsi də aşağı düşür. Halbuki bəzi hallarda ucuz qiymətə də güclü əcnəbi gətirməyin mümkünlüyünü görürük. Belə çıxır ki, bizdə seleksiya işi zəifdir?

- Elə “Qəbələ”ni misal göstərmək olar. Dəfələrlə olub ki, bu klubun ucuz qiymətə gətirdiyi oyunçu böyük pullar xərclənən əcnəbilərdən yaxşı çıxış ediblər. Seleksiya işinin zəif aparılması fikri ilə razıyam. Seleksiyaçı məşqçi tapdığı oyunçunun klubun sisteminə uyğun olub-olmadığına qədər ən xırda detalları da bilməlidir. İndi elə əcnəbilərə elə pullar xərclənir ki, adam təəccüb içində olur. “Qəbələ”də işləyəndə müxtəlif yerlərdən uşaqlar gəlirdi, onlara baxanda ürəyim ağrıyırdı. Biri ketlə, biri ayaqqabı ilə gəlirdi. “Qəbələ”dəki uşaqların ayaqlarındakı butsa görməmiş kimi baxırdılar. Bu qədər fərq olmamalıdır. Boş yerə tökülən pulları bölgələrdə yaşayan istedadlı uşaqlarımıza xərcləsək, gələcəkdə onlardan bəhrələnə də bilərik. Yoxsa əcnəbiləri gətirib yedizdirirlər, ciblərini pulla doldurub göndərirlər. İnanın, həmin əcnəbilər gedəndən sonra deyirlər ki, yaxşı aldatdıq, pullarını yedik. Buradakıların özləri də pul qazanırlar ki, səviyyəsiz legionerləri gətirirlər. Premyer Liqamızdakı yerlilərlə legionerlər arasında bu gün heç bir fərq yoxdur.

- Əcnəbilərdən söz düşmüşkən, “Neftçi”nin gətirdiyi Keysuke Honda iki ay ərzində Azərbaycan futboluna nə verə bilər?
- Yəqin ki, onu “Neftçi”ni çempion eləmək üçün gətiriblər. Amma heç bir futbolçu məsələni təkbaşına həll edə bilməz. Futbolda hər şey mümkündür. Məsələn, “Neftçi” Honda ilə uduza da bilər, Hondasız qalib gələ də. Honda nə Messi, nə də Ronaldodur. Şəxsən mən hər il olduğu kimi, “Qarabağ”ın çempion olacağını düşünürəm.

“Qurban Qurbanov sifarişlərə görə millidə qalmadı”
- Milli komandamız DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya (0:1) və Serbiyaya (1:2), yoldaşlıq görüşündə isə Qətərə (1:2) məğlub oldu. Yığmamız necə təsir bağışladı?
- Mən nəticədən çox heyət seçiminə diqqət yetirmək istərdim. Çünki Portuqaliya, Serbiya kimi komandalara uduzmaq qeyri-adi bir hadisə deyil. Amma klubunda heyətə düşə bilməyən futbolçuların çağırılması istər-istəməz başqa fikirlər formalaşdırır. Mənim başıma da bu cür hadisə gəlib. 2005-ci ildə əla formada idim, klubumda daim əsas heyətdə oynayırdım, amma U-21-in baş məşqçisi Nazim Əliyev klubunda oynamayanları çağırırdı. Baxırıq ki, indi də bu problem davam edir.

- Bütün bunlar bəzi oyunçuların milliyə sifarişlə çağırıldığı fikrini təsdiqləmir?
- Son vaxtlar bir neçə mütəxəssisin bu məsələyə fikrini oxumuşam. Xüsusən də, Zaur Ramazanov elə sizə müsahibəsində kişi kimi hər şeyi açıb demişdi. Amma bəziləri də var ki, işdən çıxmaqdan qorxduğu üçün səsini çıxarmır. O ki qaldı sualınızın cavabına, bu hallar mənim oynadığım dövrdə də olub. Məsələn, Qurban Qurbanov milliyə baş məşqçi gələndə niyə ona sona qədər dəstək olunmadı? Azərbaycan futbolunu yerlilərdən başqa heç kim sevməz. Şəxsən mən düşünürəm ki, Qurban müəllim məhz kənar təsirlərə, sifarişlərə görə millidə qalmadı. Yığmaya bu gün kim layiqdirsə, o da çağırılmalıdır.

“Milliyə başqa ölkələrdən futbolçu gətiririksə, Premyer Liqa nəyə lazımdır?”
- Hər il kifayət qədər oyunçu milliləşdirilir, müxtəlif yığmalara çağırılır. Azərbaycanda, həqiqətən də, futbolçu yoxdur?
- Hələ gözümüzün önündəkilərlə nəsə edək, sonra kənardan kiməsə dəvət göndərək. Çertoqanovdan tutmuş, Ladaqaya qədər, o qədər əcnəbilər milliləşdirilib ki. Onlarla da uduzuruq, onlarsız da. Uduzmaqdırsa, elə özümüzünkülər də bunu bacarar. Ən azı oynaya-oynaya təcrübə toplayar, 3-5 ildən sonra öz sözlərini deyərlər. Milliyə başqa ölkələrdən futbolçu gətiririksə, Premyer Liqa nəyə lazımdır? Futbolun hər üzünü görmüşəm. “Qəbələ”də oynayanda uduzduğumuz matçdan sonra yerli futbolçular dilxor olurduq, əcnəbilərin vecinə deyildi, deyib-gülürdülər. Öz içimizdə partlayırdıq ki, biz uduzduğumuz üçün əsəb keçiririk, bunlar sanki oynamayıblar. Çünki azərbaycanlıyıq, aldığımız pulun haqqını vermək istəyirdik. Əcnəbi gəldi-gedərdir. Buna görə də millidə məşqçi də, futbolçu da yerlilərdən qurulmalıdır. Milliləşən futbolçu pul versələr oynayacaq, verməsələr meydançada gəzəcək. Gör, nə vəziyyətə düşmüşük ki, kənardan kimlərdənsə imdad diləyirik. Halbuki onlar yaxşı oyunçu olsaydılar, qaldıqları ölkələrin yığmasına düşərdilər.

Ruslan Sadıqov