13:14 18-04-2021
news_image
188
FUTBOL

“Mançester Yunayted”dən ayrıldıqdan sonra özünə gələnlər – ADLAR

Ser Aleks Ferqyusonun gedişindən sonra Premyer Liqa çempionluğuna həsrət qalan “Mançester Yunayted” əvvəlki əzəmətindən uzaqdır.

Apasport.az saytının məlumatına görə, bu performans “mankunianlar”a keçən futbolçuların çıxışına da mənfi təsir göstərir.

Təsadüfi deyil ki, məhz “qırmızı şeytanlar”da ulduzu sönən bəzi oyunçular oradan ayrıldıqdan sonra yenidən əvvəlki oyunlarını göstərə biliblər. Bu yazıda da “Mançester Yunayted”dən getdikdən sonra əvvəlki formasına qovuşan futbolçulara göz gəzdirəcəyik.

Cessi Linqard
Gözləniləni qarşılaya bilmədiyi üçün yanvarda “Vest Hem”ə icarəyə verilən Linqard London klubunda keçirdiyi 9 oyunda 8 qol vurub, 3 assist edib. O, “Vest Hem”in heyətində çıxış etdiyi gündən bəri Premyer Liqada ən çox qol vuran futbolçudur.

Romelu Lukaku
“Mançester Yunayted”də daim tənqid hədəfi seçilən Lukaku “İnter”də sanki həyata yenidən gəlib. Cari mövsüm 27 qol, 8 məhsuldar ötürmə ilə yadda qalan belçikalı “neradzurra”nı A seriyası çempionluğuna daşıyır.

Memfis Depay
2015-ci ildə 34 milyon avroya “Mançester Yunayted”ə keçən və 7 nömrəli formanı geyinən niderlandlı forvard gözləniləndən aşağı səviyyədə çıxış edib. İki il sonra da 16 milyon avroya “Lion”a transfer olunub. Hazırda “Lion”un kapitanlığını edən ulduz futbolçu cari mövsüm aktivinə 16 qol, 9 assist yazdırıb. Yayda yenidən böyük klublardan birinə keçməsi gözlənilir.

Anxel Di Mariya
“Qırmızı şeytanlar”da 7 nömrənin ağırlığını daşıya bilməyən daha bir futbolçu. 75 milyon avroya gələn argentinalı bir il sonra 63 milyon qarşılığında PSJ-nin yolunu tutub. Altı ildir Paris klubunun heyətində uğurlu çıxışla diqqət çəkən Di Mariya bu mövsüm 6 qol, 13 assistlə yadda qalıb.

Vilfred Zaha
2013-cü ildə 11,7 milyon avroya alınan Zahaya heç şans verilməyib və iki il sonra 3,8 milyona “Kristal Pelas”a satılıb. Həmin vaxtdan “Kristal Pelas”da çıxış edən forvardın hazırda transfer dəyəri 45 milyon avrodur.

Aleksis Sançes
“İnter”ə getdikdən sonra özünə gələn daha bir “Mançester Yunayted”li. 7 nömrəli forma altında uğursuz çıxış ardından yüksək məvacib üzündən “İnter”ə havayı verilib. Cari mövsüm komandasına 5 qol, 7 məhsuldar ötürmə ilə töhfə verib.

Kris Smollinq
Ötən mövsüm “Roma”nın icarəyə götürdüyü Smollinq oyunu ilə azarkeşlərin sevimlisinə çevrilib. Nəticədə, italyanlar keçən ilin yayında onu 15 milyon avro qarşılığında transfer edib. Lakin cari mövsüm ardıcıl zədələr onun meydana çox çıxmasına mane olur.