09:33 15-04-2021
news_image
184
FUTBOL

Qvardiola rekordu təkrarladı, Foden yenilədi – “Mançester Siti” yeganə komandadır

Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsində Dortmund “Borussiya”sını ilk oyunda olduğu kimi, cavab görüşündə də 2:1 hesabı ilə məğlub edən “Mançester Siti” yarımfinala yüksəlib.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər” cari mövsüm qitənin ən nüfuzlu klub turnirində uduzmayan yeganə komandadır.

Pep Qvardiolanın yetirmələri keçirdiyi 10 matçın 9-da qələbə qazanıb, 1 dəfə heç-heçə edib. Bu müddətdə 21 qol vuran Premyer Liqa təmsilçisi qapısında 3 top görüb.

Qvardiola isə baş məşqçi kimi çalışdırdığı komandanı 8-ci dəfə ÇL-in yarımfinalına daşıyıb. İspaniyalı mütəxəssis “Tottenhem”in çalışdırıcısı Joze Mourinyoya məxsus rekordu təkrarlayıb. Pep 4 dəfə “Barselona”, 3 dəfə də “Bavariya” ilə buna nail olub.

“Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden də yeni rekorda imza atıb. Mayda 21 yaşı tamam olacaq oyunçu turnirdə 6-cı qolunu vurub. Bununla Foden 21 yaşadək futbolçular arasında ən məhsuldarıdır. O, Alan Smit (“Lids”), Cedon Sançonun (“Borussiya”, Dortmund) 21 yaşı tamam olmamış vurduğu 5 qolluq rekordunu yeniləyib.

Qeyd edək ki, “Mançester Siti” yarımfinalda PSJ ilə qarşılaşacaq.