13:54 15-04-2021
news_image
375
FUTBOL

Karyerasını bitirdikdən sonra bərpa edən ulduzlar – son 10 ildə

İngiltərə millisinin sabiq futbolçusu Co Koul 3 ildən sonra yenidən karyerasını bərpa edib.

Apasport.az saytının məlumatına görə, ötənlərin məşhur oyunçusu karyerasını bitirdikdən bir müddət sonra onu bərpa edən ilk futbolçu deyib.

Bu yazıda son 10 ildə futboldan getdiyini açıqlayan, lakin sonradan dönüşünü qeyd edən 10 tanınmış futbolçunu təqdim edəcəyik.

Cibril Sisse
2019-cu ildə futbolla vidalaşan Sisse iki il sonra ABŞ-ın IV liqa təmsilçisi Çikaqo “Panatinaikos”u ilə müqavilə bağlayıb. “Liverpul, “Marsel”, “Latsio” kimi klublarda çıxış etmiş fransalı forvard yığmanın heyətində 41 oyunda 9 qol vurub.

Aryen Robben
Niderlandlı ulduz futbolçu 2019-cu ildə “Bavariya”nın oyunçusu kimi futboldan gedib. Lakin bir il sonra akademiyasında yetişdiyi “Qroningen”in formasını geyinib. Robben cari mövsüm cəmi 56 dəqiqə meydanda olub.

Petr Çex
2019-cu ildə “Arsenal”dan təqaüdə çıxan çexiyalı əfsanəsi olduğu “Çelsi”yə məsləhətçi gətirilib. Ancaq bu mövsüm “zadəganlar”ın Premyer Liqadakı 25 nəfərlik iştirak ərizəsinə salınıb. Hətta “Tottenhem”in U-23-ünə qarşı əvəzedici komandanın heyətində çərçivəni də qoruyub.

Pol Skoulz
“Mançester Yunayted” əfsanəsi karyerasını bitirdiyini açıqladıqdan 6 ay sonra 2012-ci ilin yanvarında komanda yoldaşlarının da xəbəri olmadan Mançester derbisinin ehtiyatında yer alıb. İkinci dövrədə 21 matça çıxan yarımmüdafiəçi ardından daha bir mövsüm “qırmızı şeytanlar”ın formasını geyinib.

Lendon Donovan
Donovan 2014-cü ildə karyerasını bitirdiyini, iki il sonra isə bərpa etdiyini açıqlayıb. “Los Anceles Qalaksi”nin oyunçusu kimi gedib, elə bu klub üçün də dönüb. Həmin mövsüm 9 oyunda 1 qol vuran Donovan 2017-ci ildə yenidən sağollaşıb. Ancaq 2018-ci ildə Meksika klubu “Leon”un heyətində ikinci dəfə dönüşünü qeyd edib. “Leon”dan ayrıldığı zaman “futboldan gedirəm” deyib, üçüncü dəfə qayıdıb. 2019-cu ilin yanvarında “San Dieqo Sokker”ə qoşulub. Görünür, budəfəki gedişi birdəfəlik olub. Çünki “San Dieqo Sokker”dən ayrıldıqdan sonra heç yerdə görülməyib.

Edvin van der Sar
Niderlandın daha bir əfsanəvi futbolçusu van der Sar 2011-ci ildə “Mançester Yunayted”də olarkən karyerasına son qoyub. Ancaq onun ilk klubu olan “Nordviyk” 2016-cı ildə qapıçı problemi yaşadığı zaman rəhbərliyin təklifinə “yox” deyə bilməyib, yenidən çərçivəyə keçib. 5 illik fasilədən sonra 45 yaşında yaşıl meydanlara ayaq basan qolkiper ilk görüşündə penalti qaytarıb.

Roberto Karlos
Bütün dövrlərin ən güclü sol cinah müdafiəçisi hesab edilən Roberto Karlos 2012-ci ildə “Anji”nin forması altında son matçına çıxıb. “Sivasspor” və “Akhisar”da baş məşqçi kimi fəaliyyət göstərdikdən sonra 2015-ci ildə Hindistanın “Delhi Dinamo” klubunun sükanı arxasına keçib. Amma bu komandanın da heyətində çempionatda 3 görüşdə meydana çıxıb.

Pablo Daniel Osvaldo
2016-cı ildə gözlənilməz qərarla futboldan gedərək musiqiçiliyə dönən Osvaldo 3 ildən sonra Argentina təmsilçisi “Banfild”lə müqavilə imzalayıb. “Banfild”lə 2 oyunda iştirak etdikdən sonra ikinci dəfə ayrılığını elan edib.

Dida
8 il “Milan”ın qapısını qoruyan braziliyalı 2010-cu ildə, 36 yaşında futbolla vidalaşıb. İki il keçdikdən sonra ölkəsində karyerasını bərpa edən Dida ardıcıllıqla “Portugeza”, “Qremio” və “İnternasional”ın formasını geyinib, 2016-cı ildə 42 yaşında əlcəklərini birdəfəlik çıxarıb.

Co Koul
2018-ci ildə ABŞ klubu “Tampa-Bey Raudis”in oyunçusu kimi karyerasında son matçına çıxan Koul üç gün əvvəl dönüşünü qeyd edib. “Çelsi” və “Liverpul”un sabiq üzvü İngiltərənin XI liqa təmsilçisi “Belston”la müqavilə imzalayıb, hətta ilk görüşünə də çıxıb.