00:03 16-04-2021
news_image
1081
TOKİO-2020

10 qalmaqalı - Olimpiya Oyunlarının

İlk dəfə 1896-cı ildə keçirilən Olimpiya Oyunlarının tarixi heç də yalnız müsbət məqamlarla əlamətdar olmayıb.

Apasport.az saytının məlumatına görə, müxtəlif illərdə böyük əks-səda doğuran qalmaqallar da yaşanıb.

Koronavirus pandemiyası üzündən 1 il sonraya təxirə salınan Tokio-2020 Yay Olimpiya Oyunları ərəfəsində yarışların 10 ən böyük qalmaqalını təqdim edirik:

11 ölüm
1972-ci ildə AFR-ın Münhen şəhərində keçirilən XX Olimpiya Oyunları qanlı terrorla əlamətdar olub. Fələstin ekstremist qruplaşmasının üzvləri öz həmfikirlərinin həbsxanalardan buraxılması tələbi ilə İsrail nümayəndə heyətinin 11 üzvünü girov götürüb. Terrorçularla danışıqlar 16 saat davam edib. Amma insanların xilası ilə bağlı əməliyyat uğursuzluğa düçar olub və İsrail yığmasının idmançı və məşqçilərdən ibarət 11 üzvü ölüb. Oyunlar dayandırılıb. Lakin Beynəlxalq Olimpiya Komitəsi (BOK) yarışları sona çatdırmağa qərar verib.

Hovuzda qan
1956-cı ildə Avstraliyanın Melburn şəhərində su polosu üzrə SSRİ və Macarıstan yığmalarının oyunu Budapeştdəki qiyamın sovet hərbçiləri tərəfindən yatırılmasından az sonraya təsadüf edib. Yarışdan əvvəlki ab-hava maksimal həddə gərgin olub. Görüş qeyri rəsmi “Hovuzda qan” adını macar oyunçu Ervin Zadorun şəklinin KİV-də yayılmasından sonra alıb. İdmançı sovet vaterpolçuları ilə dava zamanı qaşından güclü zərbə alıb. Oyunlardan sonra 100 macar idmançı Qərbdə siyasi sığınacaq istəyib.

Qadın kişi çıxdı
1936-cı ildə Almaniyanın paytaxtı Berlində təşkil olunan yarışlar rekord və möhtəşəm təşkilatçılıqla diqqət çəkib. İlk dəfə 49 ölkədən 3961 atletin qatıldığı Oyunlar nümunəvi şəkildə planlaşdırılaraq təşkil olunub. Lakin sonradan 158 sm nəticə ilə hündürlüyə tullanmada 4-cü olan və Leni Rifenştalın “Olimpiya” filminə çəkilən almaniyalı Dora Ratyen qadın yox, kişi olduğu hesab edilib.

Qadınlar üçün üzücü məsafə
Qadınların atletika yarışları ilk dəfə 1928-ci ildə Niderlandın paytaxtı Amsterdamda keçirilib. Həmin vaxt 100 m, 800 m və estafet qaçışı, hündürlüyə tullanma və diskatma üzrə yarış təşkil olunub. 800 m məsafəyə qaçış daha çox mübahisələrə yol açıb. Çünki əksər gənc idmançılar yarış zamanı az qala yıxılır, taqətdən düşürdü. Bu növ qadınların gücünə görə olmadığı və üzücü hesab edildiyi üçün Olimpiya proqramından çıxarılıb. Yalnız 1960-cı ildə proqrama qaytarılan turnirdə sovet idmançısı Lüdmila Şevtsova qalib gəlib.

2-ci yer üçün turnir
Belçikanın Antverpen şəhərində keçirilən 1920-ci il Olimpiadasının futbol turniri də tarixdə iz qoyub. Final oyununda meydan sahibləri Çexoslovakiyanın qapısına 2 qol vurandan sonra hakim də qonaqları penalti və qırmızı vərəqə ilə cəzalandırıb. Buna etiraz edən çexoslovakiyalılar meydandan çıxıb. Qəzəblənən tribunalar arenaya axışıb. Lakin Belçikanın çempion elan edilməsi ilə tamaşaçılar da sakitləşib. Təşkilatçılar Çexoslovakiyanı idmana yaraşmayan hərəkətə görə gümüş medaldan məhrum edib. 1/4 finalda oynamış 6 komanda arasında 2-ci və 3-cü yerlər üçün turnir təşkil olunub.

Taydəyişik ayaqqabı ilə yazılan tarix
İrland-hindu əsilli ABŞ idmançısı Cim Torp 1912-ci ildə İsveçin paytaxtı Stokholmda keçirilən Oyunların qəhrəmanı olub. O, beşnövçülük və onnövçülük üzrə yarışlarda uğur qazanıb. Yarış öncəsi soyunub-geyinmə otağından onun atletika ayaqqabısı oğurlanıb. Torp zibil qabından iki müxtəlif ölçülü fərqli taylara malik ayaqqabı tapıb. Bu anlaşılmazlıq da onun iki qızıl medal qazanaraq İsveç kralı Qustavın heyran qalmasına səbəb olub.

Gün vurdu, yolunu azdı
Böyük Britaniyanın paytaxtı Londonun qəbul etdiyi 1908-ci ilin Olimpiya Oyunları marafon zamanı yaşanan hadisə ilə yaddaşlara həkk olunub. İtaliyalı idmançı Dorando Pyetri finişə yaxınlaşanda London üçün qeyri-adi istidən günvurma əlamətləri hiss olunub. Stadionda hərəkət edərkən idmançı koordinasiyasını itirib və əks istiqamətdə qaçmağa başlayıb. Hakimlər yıxılmaqda olan atletə finişə çatmağa kömək edib və ədalət təmsilçisindən tutaraq xətti keçən Dorando 1-ci olub. Amma ABŞ tərəfinin etirazı qəbul olunub və Pyetri diskvalifikasiya edilib.

Fırıldaqçının çempionluq arzusu
1904-cü ildə təşkil olunan ABŞ-ın Sent-Luis şəhərindəki Olimpiadada da qalmaqal marafon yarışında baş verib. Məsafənin 14,5 kilometrindən sonra yerli idmançı Frederik Lorzun nəfəsi kəsilib və halsız düşən atlet menecerinin avtomobilinə minməli olub. 17,7 km da qət edəndən sonra özünü yaxşı hiss edən idmançı maşından düşərək qaçmağa davam edib və finişə də 1-ci çatıb. Lakin fırıldaqçının çempion arzusu gözündə qalıb. Onun nəticəsi ləğv edilib. Lorz hərəkətinin zarafat olduğunu açıqlayıb. Qızıl medal onun həmyerlisi Tomas Hiksə verilib. Sonradan bəlli olub ki, ABŞ təmsilçisinə yarışın gedişində iki dəfə dopinq iynəsi vurulub və finişə çatandan sonra xəstəxanaya yerləşdirilib.

Göyərçinlərin düşmənləri
1900-cü ildə Fransa paytaxtı Parisdəki Olimpiada təşkilatçılıq baxımından tarixin ən pis yarışı hesab olunur. Həmin vaxt göyərçinləri vurmaq adlı növ də olimpiya proqramında yer alıb. Quşlar qəfəsdən buraxılır və idmançılar növbə ilə tüfəngdən atəş açıb. Ardıcıl 2 dəfə hədəfə düşməyən yarışı tərk edib. 166 atıcı bir gündə 400-dən çox göyərçin öldürüb. Qan, lələklər, quş ölüləri tamaşaçıların dəhşətə gətirib. Bu, Olimpiya tarixində idmançıların canlıları öldürdüyü yeganə hadisədir.

Boykota boykot
Sovet silahlı qüvvələrinin Əfqanıstana girməsinə etiraz edən bir sıra ölkələr 1980-ci ildə SSRİ-nin paytaxtı Moskvada təşkil olunan Olimpiadanı boykot edib. 60-dan çox ölkə yarışa qatılmasa da, onların bəzi təmsilçiləri Olimpiya bayrağı altında çıxış üçün Moskvaya yollanıb. 4 il sonra SSRİ və sosialist ölkələri ABŞ-ın Los-Anceles şəhərindəki Olimpiadaya yollanmamaqla boykota boykotla cavab verib.