13:17 17-04-2021
news_image
261
FUTBOL

DÇ-2002-də oynayıb, karyerasını davam etdirənlər – “5-lik”

Peşəkar futbolda karyerasını 20 il davam etdirmək hər oyunçunun bacaracağı iş deyil.

Apasport.az saytının məlumatına görə, elələri də var ki, hətta 20 ildən çox yaşıl meydanlarda tab gətirir və hələ də sevimli peşəsindən qopmayıb.

2002-ci ildə Cənubi Koreya ilə Yaponiyanın birgə ev sahibliyi etdiyi dünya çempionatında meydana çıxan futbolçulardan 5-i hətta bu gün də karyerasını davam etdirir. Həmin “5-liy”ə göz gəzdirək”.

Canluici Buffon – İtaliya
İtaliyanın əfsanəvi qapıçısı 24 yaşında 2002-ci ildəki mundial zamanı millinin qapısını qoruyub. Hazırda 43 yaşı olan Buffon karyerasını ulduzuna çevrildiyi “Yuventus”da davam etdirir.

Zlatan İbrahimoviç – İsveç
DÇ-2002-yə yollanan heyətdə yer alan İbrahimoviçin həmin vaxt 21 yaşı olub. Henrik Larssonun əvəzləyicisi sayılan forvard oyunlarda meydana sonradan daxil olurdu. Zlatan 40 yaşı olmasına baxmayaraq, indi “Milan”ın ən məhsuldar futbolçusudur. Cari mövsüm aktivinə 17 qol yazdıran superulduz milliyə də dönüşünü qeyd etdiyindən, AVRO-2020-də iştirakı gözlənilir.

Xoakin – İspaniya
2002-ci ildəki dünya çempionatı vaxtı 21 yaşı olan Xoakin mundialın 2 matçında iştirak edib, 1 məhsuldar ötürmə verib. O da 40 yaşındadır və La Liqa təmsilçisi “Betis”in kapitanıdır.

Sebastian Abreu – Uruqvay
Abreu adıçəkilən mundialın qrup mərhələsindəki bütün oyunlarda forma geyinib. Lakin Uruqvay qrupda 3-cü yeri tutaraq mübarizəni dayandırıb. Hazırda 44 yaşı olan hücumçu ölkəsində “Sud Amerika”nın şərəfini qoruyur.

Roke Santa Kruz – Paraqvay
Paraqvaylı forvard DÇ-2002-də iştirak edəndə 21 yaşında idi və bütün görüşlərdə meydana çıxıb, 1 qol vurmaqla yadda qalıb. 40 yaşlı forvard ölkəsində “Olimpiya”nın kapitanıdır.