18:47 18-04-2021
news_image
110
FUTBOL

İşıqfordan götürülən vərəqə, 500 kq ət qarşılığında transfer - FUTBOLUN BİLİNMƏYƏN TƏRƏFLƏRİ

Dünya futbolunda hər il kifayət qədər qeyri-adi hadsələr yaşanır.

Apasport.az saytının məlumatına görə, bunların bəziləri yaşıl meydanlarda, bəziləri ondan kənarda baş verir.

Həmin maraqlı məqamlardan bir neçəsini təqdim edirik:


1. Hamımızın gördüyü üzərində 5 bucağı olan top NASA-nın 1962-ci ildə orbitə çıxardığı Telstar rabitə peykinə bənzər şəkildə dizayn edilib.


2. Hakimlər uzun müddət oyunları dəsmalla idarə ediblər. İlk dəfə 1878-ci ildə fitdən istifadə olunub.


3. 1882-ci ilə qədər qapı tiri olmayıb. Top iki dirək arasında nə qədər hündürlükdən keçir-keçsin qol sayılıb.


4. 1970-ci ilə qədər sarı və qırmızı vərəqədən istifadə etməyən hakimlər futbolçuların xəbərdarlıq aldığını və meydandan qovulduğunu sözlə deyiblər. İngiltərəli referi Ken Aston işıqfordakı sarı və qırmızı rənglərdən ilhamlanaraq hakimlərin qərarını dərhal göstərə biləcəyi vərəqə tətbiqi fikrini ortaya atıb.


5. Futbolun yaradıcıları ingilislər hesab edilsə də, bu idman növünün ilk versiyaları 2200 il əvvəl Çində oynanılıb. Həmin vaxt rəqibə təpik vurmaq, yumruq atmaq və dişləmək sərbəst olub.


6. Dünya çempionatları tarixində turnirə qatılan ən kiçik ölkə DÇ-2018-in iştirakçısı İslandiyadır.


7. 1993-cü ildə Paraqvay çempionatında keçirilən “Ameliano” – “Xeneral Kabalyero” oyununda baş hakim Villiam Veiler 20 futbolçuya qırmızı vərəqə göstərərək Qinnesin Rekordlar Kitabına düşüb.


8. 1998-ci ildə ingiltərəli referi Martin Silvester futbolçunu yumruqla vurduğu üçün özünə qırmızı vərəqə göstərib.


9. 1978-ci ildə tanzaniyalı hakim oyundan əvvəl paltardəyişmə otağında marixuana çəkdiyi üçün matçın gedişində polis tərəfindən saxlanılıb.


10. Liberiya hökuməti milli futbolçuların forma və səyahət xərcini qarşılamadığı üçün komanda 1996-cı ildə Afrika Kubokuna qatılmamaq təhlükəsi ilə üzləşib. Ancaq liberiyalı əfsanəvi futbolçu Corc Vea bütün xərcləri öz cibindən ödəyərək, millini turnirə aparıb.


11. “Arsenal”ın ilk adı “The Arsenal” olub. Ancaq klubların əlifba sıralamasında birinci yerdə olmaq üçün rəhbərlik adı “Arsenal” olaraq dəyişdirib.


12. 1998-ci ildə Rumıniyanın II liqa təmsilçisi “Jiul Petroşani”də çıxış edən yarımmüdafiəçi İon Radu 500 kq ət qarşılığında “Valkea”ya transfer olunub.


13. “Bləkbörn”ün sabiq futbolçusu Eşli Uord 1998-ci ildə “Sanderlend”lə görüşün ilk 5 dəqiqəsində 1 qol vurub, 1 penalti qaçırıb və qırmızı vərəqə alıb.


14. 2002-ci ildə Madaqaskar komandası “Lemirn” çempion “Adema” ilə görüşdə öz qapısına 149 qol vurub. Komanda bununla hakimin əvvəlki qarşılaşmadakı qərarlarına etirazını bildirib.


15. Polşa millisinin futbolçusu Yakub Blaşikovski 12 yaşında atasının anasını öldürməsinin canlı şahidi olub.


16. Mixael Ballak 29 dəfə finalda iştirak edib, hamısında məğlub olub.