22:23 17-04-2021
news_image
138
FUTBOL

"Neftçi"dəki ən yaxşı oyunum idi" - Samir Abasovun

“Futbolçularımı təbrik edirəm. Uzun sözün qısası, yolumuza davam edirik".

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXIII turunda “Zirə” ilə oyunu dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis komandasının 4:0 hesablı qələbə qazandığı qarşılaşmadan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

- Oyunboyu emosional görünürdünüz. Ehtiyat etmirdiniz ki, bu hal komandaya mənfi təsir edə bilərdi?

- 4:0 hesabı ilə qalib gəlmişiksə, deməli, müsbət təsir etdi. Azarkeşlərimiz mənə irad tuturdular ki, əvvəlki komandalarda aqressiv idin, niyə burada sakitsən? Oyun da pis keçmədi. "Zirə"  çox yaxşı komandadır. Baş məşqçiləri çox qısa müddətdə böyük işlər görüb. Bizi həftə ərzində çox fikirləşməyə vadar etdi. Bu gün istənilən hesab ola bilərdi. Əsas odur ki, yaxşı oynadıq. 4:0 "Zirə"nin gücünü göstərən hesab deyil. Emosional olmağım "Zirə"dən ehtiyatlanmağımdan irəli gəlirdi. Oyunçularımızı bu tempdə saxlamaq önəmlidir. Ramazan ayıdır, oruc tutan futbolçularımız çoxdur. Bütün bu amilləri, rəqibləri nəzərə almalıyıq. Görək, başımıza nələr gəlir.

- "Zirə" ilə buna qədərki oyunlarınız alınmırdı. Bu dəfə nəyi dəyişdiniz?

- Fikrimcə, elə çox dəyişiklik etməmişdik. Bundan əvvəlki görüşlərdə də pis çıxış etməmişdik. Bu gün sadəcə, daha səbirli, ehtiyatlı oynadıq. Bugünkü qələbənin açarı məncə, səbirli oynamağımız oldu. Bilirdik ki, şans qazanacağıq.

- Razısınız ki, bu, "Neftçi"də ən yaxşı oyununuz oldu?

- Bəli, "Neftçi"dəki ən yaxşı oyunum idi. "Qəbələ" ilə bundan əvvəlki görüşdə daha çox qol vəziyyəti yaratmışdıq. Sadəcə, tələsirdik. Qəbələdə də istəkli idik. Fərq onda idi ki, bu gün sanki mexanizm oynayırdı.