12:20 19-04-2021
news_image
84
FUTBOL

FİFA və UEFA prezidentlərinə məktub ünvanladılar - Superliqanın yaradıcıları

Superliqa yaratdıqlarını elan edən 12 klubu FİFA prezidenti Canni İnfantino və UEFA prezidenti Aleksander Çeferinə məktub ünvanlayıb.

Apasport.az saytının məlumatına görə, turnirin yaradıcıları yarışın baş tutması üçün hər şey edəcəklərini bəyan edib.

Məktubda Superliqanın 4 milyard avro qrant aldığı və bunun klublar arasında bölüşdürüləcəyi də əksini tapıb: “Sizin rəsmi bəyanat bizi müdafiə tədbirləri görməyə vadar edir ki, özümüzü təkcə qrant çərçivəsində maliyyələşmə öhdəliyini təhlükə altında qoyan, ən əsası qanunsuz olan düşmən reaksiyasından qoruyaq. Bu üzdən də SLCo (Super League Company) şirkəti yeni turnirin qanunvericiliyə uyğun şəkildə maneəsiz yaradılması və fəaliyyəti üçün məhkəmələrə müraciət edib. SLCo-nun direktorlar şurasının üzvləri kimi bizim öhdəliyimiz turnirin və bizimlə maraqlı olan tərəflərin qorunmasıdır. Nəzərə almalıyıq ki, hansısa səbəbdən turniri operativ şəkildə formalaşdırmağımız və qrantdan gələn qazancı əldə etməməyimiz sonradan düzəlməyəcək ziyanla nəticələnəcək. Superliqa mövcud olan Avropa futbolunun əsas parçası sayılan ölkə çempionatları və kuboklarla paralel keçirilməlidir. Biz Çempionlar Liqası və ya Avropa Liqasını əvəz etmək deyil, onlarla birlikdə olmaq və rəqabət aparmaq istəyirik”.

Qeyd edək ki, FİFA və UEFA Superliqaya qatılan 12 klubu, həmçinin futbolçularını bütün yarışlardan xaric olunmaqla hədələyib.