09:32 20-04-2021
news_image
155
FUTBOL

“Təhdidlər deyil, dialoq olmalıdır” - Florentino Peres

“Real”ın prezidenti və yeni yaradılan Superliqanın sədri Florentino Peres UEFA-nın hədə-qorxularına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, futbol funksioneri Çempionlar Liqasının yeni formatının futbola ciddi ziyan vuracağını düşünür.

Peres UEFA-nın futbolu məhvə sürüklədiyini söyləyib: “UEFA-nın idarəçiləri şəffaf olmalıdır. Bu qurumun heç də yaxşı imici yoxdur. UEFA-da baş verənləri xatırlatmaq istəmirəm. Təhdidlər deyil, dialoq olmalıdır. Heç kimin başa düşmədiyi bir formatı təqdim etdilər. Dəyişikliklərin 2024-cü ildə başlayacağını söylədilər. Amma formatları ilə futbol 2024-cü ilə qədər öləcək. Yüz milyonlarla pul itirən klublar var”.

“Kral klubu”nun rəhbəri UEFA prezidenti Aleksandar Çeferinin Superliqanın vitse-prezidenti təyin olunan “Yuventus”un prezidenti Andrea Anyelli barədə “ilan” sözünü işlətməsinə də reaksiya göstərib. Onun fikrincə, bu, qəbuledilməzdir: “Çeferin Anyellini təhqir etdi, bu mümkün deyil. “Yuventus” kimi klubun prezidentini müzakirə etmək dəlilik olar. Bu qəbuledilməzdir, UEFA dəyişilməlidir. Təşkilat rəhbərinin klub prezidentlərini incitməsini istəmirik”.

Qeyd edək ki, İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Tottenhem”, “Liverpul”, “Çelsi”, “Arsenal”, İspaniyanın “Barselona”, “Atletiko”, “Real”, İtaliyanın “Milan”, “İnter” və “Yuventus” klublarının Superliqada iştirakı təsdiqlənib.