11:12 20-04-2021
news_image
73
FUTBOL

Portuqaliya Bakıya ulduzlarsız gələ bilər – Superliqanın yığmamıza faydası

Yeni yaradılan Superliqa ilə bağlı UEFA və FİFA-nın mövqeyi Portuqaliya Futbol Federasiyasını narahat edir.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumunun prezidenti Aleksandar Çeferinin “Superliqada iştirak edəcək futbolçular dünya və Avropa çempionatında millilərinin formasını geyinə bilməz” fikri Portuqaliya yığmasının taleyini sual altına atır. 
Çünki DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan portuqaliyalıların kifayət qədər oyunçusu Superliqaya qatılacaq 12 klubun formasını geyinir. Onlardan 8-i əsas heyət üzvləridir. Əgər Superliqa yaradılarsa və UEFA fikrindən dönməsə, Kriştiano Ronaldo, Bruno Fernandes, Bernardo Silva, Ruben Dias, Joao Kanselo, Dioqo Jota, Sedrik Soareş və Joao Feliks yığmadan kənarda qalacaqlar.

Həmçinin baş məşqçi Fernando Santos artıq milliyə çağırılan Fransisko Trinkao, Dioqo Dalot və Rafael Leaonun da xidmətindən məhrum qalacaq.

Bütün bunların həm AVRO-2020-də, həm də DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya yığmasının zəiflədəcəyini başa düşən yerli futbol federasiyası tərəflərin tezliklə ortaq məxrəcə gəlməsini arzulayır.

Qeyd edək ki, seçmə mərhələdə ilk oyununu martın 24-də Azərbaycan millisinə qarşı keçirən Portuqaliya yığması 1:0 hesablı qələbə qazanıb. Komandamız bu rəqibi ilə sentyabrın 7-də Bakıda üz-üzə gələcək. Əgər sanksiya tətbiq edilərsə, yuxarıda adları sadalanan futbolçular yığmamızla oyuna gətirilməyəcək.