12:06 20-04-2021
news_image
92
FUTBOL

"Separatçılığı ehtiva edən fəaliyyəti şiddətlə qınayırıq" - AFFA

AFFA Avropa Superliqasının yaradılması ilə bağlı bəyanat yayıb.

Apasport.az saytının məlumatına görə, assosiasiya bu məsələdə FİFA və UEFA-nı dəstəklədiyini bildirib.

Bəyanatda deyilir: “Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Peşəkar Futbol Liqası və Azərbaycan Premyer Liqasında iştirak edən klublar FİFA və UEFA tərəfindən tənzimlənən bütün mövcud Nizamnamə və Əsasnamələrə sadiq olduğunu, bütün futbol yarışlarının beynəlxalq səviyyədə tanınan qanunlar çərçivəsində keçirilməsini, futbolda idman prinsiplərinin rəhbər tutulmasını, mövcud vəziyyətdə UEFA ilə həmrəy olduğunu və UEFA-nı birmənalı şəkildə dəstəklədiyini bildirir. Avropa futbolunun əsas dəyərləri həmrəylik, ədalətli oyun və sosial məsuliyyətdir, bu proses uzun illərdir uğurla davam edir. Bir daha bəyan edirik ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası olaraq özündə separatçılığı ehtiva edən istənilən fəaliyyəti şiddətlə qınayırıq”.

Qeyd edək ki, aprelin 18-də İngiltərənin “Mançester Yunayted”, “Mançester Siti”, “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Çelsi”, İspaniyanın “Real”, “Barselona”, “Atletiko”, İtaliyanın “Yuventus”, “Milan” və “İnter” klubları imzaladıqları müqavilə ilə Avropada yeni turnirin – Superliqanın yaradıldığını bəyan ediblər.