00:09 21-04-2021
news_image
121
FUTBOL

Braziliya və Seneqal hegemonluğu – Super Liqada

Türkiyə Super Liqasında cari mövsüm ən çox futbolçusu olan futbolçularla bağlı araşdırma aparılıb.

Apasport.az saytının məlumatına görə, 65 ölkə oyunçusunun çıxış etdiyi qardaş ölkə çempionatında Azərbaycandan yenə heç bir futbolçu yer almayıb.

Super Liqada mübarizə aparan 37 braziliyalı ümumilikdə 47 qola imza atıb. “Alanyaspor”dan Davidson, “Kayserispor”dan Pedro Enrike və “Çaykur Rizəspor”dan Fernando Boldrin ən qolçu braziliyalılardır. Markao, Luiz Qustavo, Velinton və Vitor Uqo isə klublarının əvəzedilməz braziliyalı futbolçularıdır.

Braziliyanı 15 oyunçu ilə Nigeriya ilə Bosniya və Herseqovina izləyir. Bosniyalılardan Edin Viska, Armin Hodziç, Haris Hayradinoviç, Muris Mesanoviç və Amir Haciahmetoviç diqqət çəkir. Nigeriyanın öndə olan təmsilçiləri isə Antoni Nvakaeme, Henri Onyekuru, Brayt Osayi-Samuel, Oqenekaro Etebo, David Akintoladır.

Super Liqada 14 futbolçusu olan Seneqal təmsilçiləri ən çox qol vuran ölkədir. Çempionatda 65 qola imza atan seneqallılardan Mame Diuf 11, Şerif Ndiaye 9, Xuma Babakar, Alassane Ndao 8, Mame Tiam 6, Demba Ba 5, Papiss Sisse isə 4 dəfə fərqlənib.

Adları çəkilən ölkələri 13 oyunçu ilə Qana və Portuqaliya izləyir. Qanadan Çaleb Ekuban, Bernard Mensa və Jozef Paintsil özünü doğruldubsa, portuqaliyalılar qol baxımından problem yaşayıblar. Təsadüfi deyil ki, Portuqaliya təmsilçilərinin 6 qolundan 4-nün müəllifi Daniel Kandeyasdır.

Super Liqa klublarında Fransanın 12, Argentina, Almaniya və Mərakeşin isə 10 oyunçusu yer alır. Mali, Polşa, Xorvatiyanın 9, Yunanistan və Fil Dişi Sahilinin 8, Norveç, Rumıniya, Konqo və Niderlandın 7 təmsilçisi çıxış edir. Yunanlar 21, norveçlilər 18 qolla diqqət çəkiblər.

Maraqlıdır ki, ötən mövsüm də Türkiyə Super Liqasında ən çox futbolçusu olan ölkə Braziliya olub (33). Həmçinin seneqallılar keçən mövsüm də hamıdan məhsuldar olublar (53 qol). Bu ənənə 2018/19 mövsümündə də dəyişməz olaraq qalıb.