00:58 21-04-2021
news_image
130
FUTBOL

5 qorxulu röyası – “Bavariya”nın

“Bavariya” son çempion kimi başladığı Çempionlar Liqası macərasına 1/4 finalda yekun vurub.

Apasport.az saytının məlumatına görə, kuboku 6 dəfə qazanmaqla və 5 dəfə finalda uduzmaqla turnirin ən uğurlu üçüncü klubu olan Münhen təmsilçisi bu dəfə PSJ-yə öz meydanındakı məğlubiyyətə görə mübarizəni erkən dayandırıb.

Maraqlıdır ki, PSJ Almaniya nəhənginin avrokuboklarda ilk matçda öz meydanında məğlub olaraq, revanşda əvəzini çıxa bilmədiyi ilk klub deyil. Münhenlilər indiyə qədər 5 dəfə bu halla üzləşiblər. Həmin 5 duelə göz gəzdirək.

1990/91: “Bavariya” – “Srvena Zvezda” – 1:2
“Srvena Zvezda” həmin mövsüm Çempionlar Kubokunun finalında “Marsel”i penaltilər seriyası ilə üstələyərək kuboku qazanıb. O dönəmdə keçmiş Yuqoslaviyanı təmsil edən komanda yarımfinalda “Bavariya”nı məğlub edib. İlk görüşdə səfərdə 2:1 hesablı qələbə qazanan “Srvena Zvezda” cavab qarşılaşmasında bərabərə qalaraq (2:2) yarımfinala yüksəlib.

1993/94: “Bavariya” – “Norviç” - 1:2
“Norviç” böyük sürprizə imza ataraq “Bavariya”nı UEFA Kubokunda mübarizədən kənarlaşdırıb. “Norviç” Münhen Olimpiya Stadionunda “Bavariya”ya qalib gələn ilk ingilis klubu kimi tarixə düşüb. İngiltərədə hesab 1:1 olunca, almanlar yarışla erkən vidalaşıb. “Norviç” isə növbəti mərhələdə “İnter” səddinə ilişib.

2016/17: “Bavariya” – “Real” – 1:2
Bu dəfə hər iki matçda səfər komandaları 2:1 hesablı üstünlük əldə edib. İspaniyadakı cavab qarşılaşmasında əlavə 30 dəqiqəyə ehtiyac duyulub. Burada 3 qol vuran “Real” mübarizəni davam etdirib.

2017/18: “Bavariya” – “Real” – 1:2
“Real” ardıcıl iki mövsüm Almaniya nəhənginin qorxulu röyasına çevrilib. Üstəlik, hər iki halda Münhendəki qələbə “kral klubu”nu cütün qalibi edib. Bu dəfə Madriddə 2:2 hesabı qeydə alınıb və “Bavariya”nın mərhələ adlamaq üçün bir qolu çatmayıb.

2020/21: “Bavariya” – PSJ – 2:3
Hans Diter-Flikin yetirmələri ötən mövsüm finalda qalib gəldiyi PSJ-yə bu dəfə 1/4 finalda uduzub. “Bavariya” səfərdə 1:0 hesablı qələbəyə baxmayaraq, yoluna davam edə bilməyib. Çünki ilk görüşdə evdə 2:3 hesablı məğlubiyyətə düçar olub. Səfər qolları fransızları yarımfinala daşıyıb.