00:41 22-04-2021
news_image
199
FUTBOL

Örnək skaut işi – son 10 ildəki tapıntılar

İtaliyada son illər uğurlu skaut işi ilə diqqət çəkən “Sampdoriya” transferlərdən qazandığı pullarla seçilir.

Apasport.az saytının məlumatına görə, A seriyası təmsilçisi ucuz qiymətə aldığı bir çox futbolçunu qısa müddət sonra böyük məbləğ qarşılığında yola salıb.

Genuyalıların son 10 ildə sərfəli qiymətə aldığı oyunçulara göz gəzdirək.

1. Mauro İkardi - 300 min avro
İkardi 2011-ci ildə “Barselona” akademiyasından cəmi 300 min avroya alınıb. İki il “Sampdoriya” formasını geyinən argentinalı forvard daha sonra 13 milyon avroya “İnter”ə transfer olunub. Hazırda PSJ-nin şərəfini qoruyan İkardinin transfer dəyəri 55 milyon avrodur.

2. Lukas Torreyra – 3 milyon
Yarımmüdafiəçi 2015-ci ildə “Peskara”dan transfer edilib. “Sampdoriya”ya 3 milyona başa gələn uruqvaylı üç il sonra “Arsenal”a keçidi ilə kluba 28,6 milyon avro qazandırıb. Torreyra ötən ilin yayında “Atletiko”ya icarəyə verilib.

3. Milan Şkrinyar – 5,2 milyon
2016-cı ildə Slovakiya təmsilçisi “Jilina”dan 5,2 milyon avroya alınan müdafiəçi uğurlu bir mövsümün ardından 34 milyonluq ödənişlə “İnter”in yolunu tutub. “Neradzurra”nın aparıcı oyunçusunun indi qiyməti 55 milyon avroya bərabər göstərilir.

4. Patrik Şik - 4 milyon
“Sparta”nın kəşfi olan Şik 2016-cı ildə İtaliyaya köçüb. “Sampdoriya”da cəmi bir mövsüm qalan forvard 35 oyunda 13 qol, 4 assistlə yadda qalıb və dərhal “Roma”ya keçib. Bu transfer genuyalıların büdcəsinə 42 milyon avro gətirib.

5. Şkodran Mustafi - 75 min
Mustafi alınanda “Everton”un U-21 komandasında çıxış edirdi. Cəmi 75 minə gətirilən almaniyalı mərkəz müdafiəçisi iki il sonra 8 milyon avroya “Valensiya”ya üz tutub. Orada da yüksəlişini davam etdirən futbolçu 2016-cı ildə 41 milyon avro müqabilində “Arsenal”ın formasını geyinib.

6. Yoaşim Andersen – 1,7 milyon
Andersen “Tvente”dən 1,7 milyon avroya heyətə cəlb edilib. İki il “Sampdoriya”nın şərəfini qoruyan danimarkalı müdafiəçi 24 milyon avroluq təzminat qarşılığında “Lion”a yollanıb.

7. Xoakin Korrea – 8,4 milyon
Argentinalı hücumçu 2015-ci ildə “Estudiantes”dən 8,4 milyon avroya transfer olunub. Bir il sonra isə “Sevilya” onu 18,2 milyon avroya alıb.

8. Dennis Prat - 8 milyon
Pratın “Anderlext”dən transferi A seriyası təmsilçisinə 8 milyon avroya başa gəlib. Üç illik performansın ardından “Lester”ə 19,2 milyon avroya transfer olunub.

9. Karol Linetti – 3,1 milyon
2016-cı ildə “Lex”dən alınan yarımmüdafiəçi polşalılara 3,1 milyon avro qazandırıb. Linetti ötən il 7,5 milyon avro müqabilində “Torino”ya satılıb.

10. Mikkel Damsqard – 6,5 milyon
20 yaşlı vinger mövsümün əvvəlində “Nordsyelland”dan 6,5 milyon avroya transfer edilib. Cari mövsüm 2 qol, 4 assistlə yadda qalan danimarkalı oyunçu çox güman ki, yaxın gələcəkdə yüksək məbləğə satılacaq.