22:14 21-04-2021
news_image

Avropa çempionatını 4 medalla bitirdi – sərbəst güləş yığmamız

Sərbəst güləş üzrə Azərbaycan milli komandası Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında çıxışını başa vurub. 

Apasport.az saytının məlumatına görə, komandamız yarışın üçüncü günündə bir medal qazanıb. 

Yığmamızın 3 güləşçisi həlledici qarşılaşmaya çıxmalı olsa da, onlardan Hacımurad Məhəmmədsəidov (86 kq) zədə səbəbindən yarışla vaxtından əvvəl vidalaşıb. Nəticədə onun təsəlliverici görüşdəki rəqibi Nazim Amin (San-Marino) qalib elan olunub. 

Milli üzvlərindən günün yeganə medalını Osman Nurməhəmmədov (92 kq) qazanıb. O, 3-cü yer uğrunda görüşdə Andril Vlasovu (Ukrayna) sınağa çəkib və 5:0 hesabı ilə qalib gələrək “bürünc”ə yiyələnib. 

61 kq çəkidə mübarizə aparan Əhmədnəbi Qvarzatilov təsəlliverici görüşdə Vladimir Yeqorovu (Makedoniya) 6:2 hesabı ilə məğlub etdikdən sonra bürünc medal uğrunda Beka Lomtadze (Gürcüstan) ilə üz-üzə gəlib. Dünya çempionu ilə gərgin keçən mübarizədən məğlub ayrılan (7:9) təmsilçimiz 5-ci yerlə kifayətlənib.

Beləliklə, sərbəst güləş üzrə yığmamız Avropa çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub. 

Qeyd edək ki, daha öncə Turan Bayramov (70 kq) ikinci, Əfqan Xaşalov (57 kq) və Əli Rəhimzadə (65 kq) üçüncü yeri tutub.