11:27 22-04-2021
news_image
973
FUTBOL

Günahı özünüzdə və ya rəhbərliyinizdə axtarın – “ağlaşmayın”

Mövsüm sona yaxınlaşdıqca klublarımız “ağlaşma”nın dozasını artırırlar.

Adətən hər il fevraldan sonra təqvim sıxlığı ilə bağlı şikayətlər eşitməkdən qulağımız mazol olub. Baş məşqçilərdən biri bu söhbəti ortaya atan kimi, digərləri də ona qoşulur. Bununla bir növ özlərini uğursuz nəticələrdən öncədən sığortalayırlar.

Uduzan kimi, “futbolçularım çatdırmır, onları da qınamıram, çətindir...” kimi fikirlər artıq şablon hal alıb. Bu il koronavirus da bəhanə üçün yaxşı vasitəyə çevrilib. 

Bu fikirləri deməkdən bezmişik, amma görünür, bizi təkrar-təkrar söyləməyə vadar edirlər. Ay başınıza dönüm, mövsümdə cəmi 28 çempionat oyununuz var. Ölkə kubokunda da 1/8 finaldan mübarizəyə başlayan komanda finala qədər irəliləsə, maksimum 6 matça çıxır. Yəni ölkə daxili yarışlarda bir mövsüm ərzində 34-dən çox görüşə çıxan yoxdur. Avrokuboklarda da “Qarabağ” istisna olmaqla, digər təmsilçilərimiz 2 və ya 4 matçla kifayətlənirlər. Bütün bir mövsüm 9 ayı əhatə edir ki, bu da 270 gün, daha da xırdalığına getsək 38 həftədən bir neçə gün çox deməkdir.

Doğrudur, bu müddət ərzində milli komandanın 4 təlim-məşq toplanışını və keçirdiyi 10 oyununu da nəzərə almalıyıq. Bu da ümumilikdə 49 gün edir. Yəni klublarımızın mövsümdə təxminən 220 günləri olur. Bu da çempionat və kubokda orta hesabla oyunlar arasında interval 6,5 gün edir.

Yalnız “Qarabağ”ın oyun sayı digərlərindən çoxdur. Avrokuboklarda 10 qarşılaşmada iştirak edən Ağdam təmsilçisi ölkə kubokunda finala da yüksəlsə, mövsüm ərzində ümumi matç sayı 43 olacaq. Bunun fonunda Qurban Qurbanovun sərəncamında cəmi 18 futbolçu əlbəttə ki, çox azdır. Həm çempionluğu, həm də kuboku qazanmağı düşünən bir klub 18 oyunçu ilə yolunu davam etdirirsə, ən azı birini, hətta hər ikisini itirməyə hazır olmalıdır. Yəni “Qarabağ”ın nə rəhbərliyinin, nə də baş məşqçisi Qurban Qurbanovun təqvim sıxlığından, oyunçu azlığından şikayətlənməyə haqqı yoxdur. Axı mövsümün gedişində zədəliləri, cəzalıları, artıq koronavirusa yoluxanları da nəzərə almalısan. Transfer etmirsinizsə, bunda da günahı özünüzdə axtarın. Necə olur ki, “Neftçi” Keysuke Hondanı gətirə bilir, siz heç olmasa Medina, Kvabena səviyyəsində əcnəbi tapa bilmirsiniz?

Qurban Qurbanovun transferlərə necə həssas yanaşdığını bilməyən yoxdur. Amma siyahındakıları gətirə bilmirsənsə, B siyahın da olmalıdır. Yaxşı, əcnəbi gətirə bilmirsənsə, o zaman Hacıağa Hacılını, Rafael Məhərrəmlini, Musa Qurbanlını niyə icarəyə verirsən? Bu futbolçulardan Premyer Liqada da alternativ kimi istifadə edə bilərsən.

Gələk çempionluğa iddialı digər komandaya. “Neftçi” ölkə kubokunun və avrokubokun hərəsində 2 oyun keçirdi. Çempionatda da mövsümü 28 matça tamamlayacaq. Samir Abasovun isə sərəncamında ikinci yarı üçün əsas komandada 26 futbolçu qeydiyyatdan keçirilib. Abasov hər matçdan sonra futbolçuların psixoloji, fiziki yorğunluğundan elə şikayətlənir ki, sanki onların da “Qarabağ” kimi 18 oyunçusu var. Qış fasiləsindən sonrakı 3 ayda ümumilikdə 12 rəsmi matça çıxan və zəngin heyəti olan “Neftçi” niyə şikayət etməlidir axı? Eləcə də digərləri.

Mövsümün ikinci yarısında ən çox oyun keçirən komanda “Zirə”dir. Rəşad Sadıqov 2021-ci ildə komandasını 14 görüşə çıxarıb. Müqayisə eləsək, “Mançester Siti” bu il 29 oyuna çıxıb, heyətində 10-dan çox itkisi olan “Liverpul” 22 matçda iştirak edib. Avropa klublarının oyun cədvəlinə nəzər yetirsək, yanvardan bəri 20-dən az oyuna çıxanı yoxdur. Deyəcəksiniz ki, gör kimlərlə müqayisə aparırsan. Bəyəm onlar insan deyil, yorulmurlar? Elədirsə, niyə futbolumuzu Avropa səviyyəsinə qaldırmağın xəyalını qurursunuz və ya futbolçularımızı ora getməyə səsləyirsiz?

Bir sözlə, təqvim sıxlığından şikayətlənməli olan ölkələri sıralasaq, yəqin ki, Azərbaycan çempionatının iştirakçıları sonuncular sırasında qərar tutar. Əgər oyunçu sayın azdırsa və ya futbolçularının fiziki, psixoloji gücü çatmırsa, günahı başqasında yox, elə özünüzdə axtarın.

Ruslan Sadıqov