12:57 22-04-2021
news_image

“Özümü Avropa çempionu kimi hiss edirəm” - finalda uduzan güləşçimiz

“Bu kateqoriya mənim üçün yenidir. Bundan əvvəl 65 kq-da çıxış edib, nəticə vermişəm”. 

Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin sərbəst güləşçisi Turan Bayramov deyib. 

İlk dəfə böyüklərin Avropa çempionatında iştirak edən idmançı debütünü gümüş medal qeyd edib.

Məsul yarışda 70 kq-da bu uğura imza atan 21 yaşlı Bayramov çıxışı haqqında Azərbaycan Güləş Federasiyasının saytına danışıb. O bildirib ki, Avropa çempionatı kimi nüfuzlu yarışda iştirak etmək məsuliyyətini daha da artırıb: “70 kq-da belə yüksək nəticə göstərməyimin ən böyük səbəbi yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz idi. Göygöldə fiziki hazırlıq üzrə yaxşı məşqlər keçdik. Ona görə də yarışda fiziki cəhətdən çətinlik çəkmədim. Rəqiblərimə gəlincə, adətən, yarışdan bir gün əvvəl onları analiz edirəm. Qarşılaşdığım güləşçilər nəticə vermiş idmançılar idi. Böyük Britaniyadan olan rəqibim daha öncə bürünc medal uğrunda güləşmiş, dəfələrlə nüfuzlu yarışlarda iştirak etmişdi. Türk Haydar Yavuz sonuncu Avropa üçüncüsü idi. Fərdi Dünya Kubokunda da gümüş medal qazanmışdı. Onunla görüş gərgin mübarizə şəraitində keçdi. Ancaq yaxşı fiziki hazırlıq keçməyim bu qarşılaşmada mənə çox kömək oldu. Yarımfinalda üz-üzə gəldiyim ukraynalı idmançını 23 yaşadək güləşçilərin dünya çempionatından tanıyırdım. Onun güləşini bilirdim. Ona görə də rahat qalib gəldim”.

O, həlledici görüşdə məğlub olmasının da səbəblərini açıqlayıb: “Finalda uduzmağımın ən böyük səbəbi 70 kq-da yarış təcrübəmin çox olmamasıydı. Ancaq son saniyələrdə yaranan vəziyyətdə ayağımı rəqibin əllərindən qoparıb, onun arxasına keçə bilsəydim, Avropa çempionu olacaqdım. Ancaq eyib etməz. Bu nəticə mənim motivasiyamı daha da artırır. Özümü Avropa çempionu olmuş kimi hiss edirəm”.