00:48 23-04-2021
news_image
186
AVRO-2020

“Qızıl dubllar” və uğursuzlar - AVRO-2020-yə doğru

Bu il həm klub, həm yığma səviyyəsində Avropanın ən güclüləri bəlli olacaq.

Apasport.az saytının məlumatına görə, gələn ay Çempionlar Liqasının, iyulda AVRO-2020-nin həlledici matçı baş tutacaq.

“Çelsi”, “Mançester Siti”, PSJ və “Real”ın heyətində Çempionlar Liqasının qalibi olacaq futbolçuların çoxu AVRO-2020-də də mübarizə aparacaqlar. Bu isə həmin oyunçuların “Qızıl dubl” şansından xəbər verir.

Futbol tarixində 9 oyunçu həm Çempionlar Liqasını, həm Avropa çempionatının final oyununda meydana çıxaraq qalib adını qazanıb.

Luis Suares – 1964 (“İnter” və İspaniya)
Hans van Brekelen - 1988 (PSV və Niderland)
Ronald Kuman - 1988 (PSV və Niderland)
Berri van Arle - 1988 (PSV və Niderland)
Cerald Vanenburq - 1988 (PSV və Niderland) 
Fernando Torres – 2012 (“Çelsi” və İspaniya)
Xuan Mata – 2012 (“Çelsi” və İspaniya)
Kriştiano Ronaldo – 2016 (“Real” və Portuqaliya)
Pepe – 2016 (“Real” və Portuqaliya)

Daha üç futbolçu bu titulları eyni ildə qazanıb. Amma Vim Kift 1988, Nikola Anelka 2000-ci ildə Çempionlar Liqasının finalında oynasa da, qitə çempionatının həlledici matçında ehtiyatda oturub. 2000-ci ildə Kristian Karambö hər iki finalda ehtiyatda qalıb.

Mixael Ballakın öz uğursuz rekordu var. O, 2008-ci ildə əvvəl “Çelsi”də Çempionlar Liqasının, ardınca Almaniya ilə AVRO-2008-in finalında uduzub. O, eyni ildə hər iki turnirin həlledici matçında uduzan yeganə oyunçudur.

Çempionlar Liqasında finalda uduzan 4 oyunçu isə həmin il AVRO-nun qızıl medalına yiyələnib. İqnasio Soro və Amansio Amaro 1964-cü ildə “Real”dakı uğursuzluğu İspaniya millisi ilə unutdurub. 16 il sonra Manni Kaltsla Horst Hrubeş “Hamburq”da uduzduğu finalın ardından AFR ilə çempionluq yaşayıb.

Vüqar Xeyrullayev