17:25 22-04-2021
news_image

“Erməni güləşçi ilə qarşılaşmada...” - Əli Rəhimzadə

“Buraya çempion olmağa gəlmişdim”.

Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan milli komandasının üzvü Əli Rəhimzadə deyib.

65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanıb. Ötən il Romada keçirilən analoji yarışda eyni uğura imza atan idmançı qitə birinciliyindəki çıxışı haqqında fikirlərini Azərbaycan Güləş Federasiyasının saytına açıqlayıb: “Ötən il Avropa çempionatında bürünc medal qazanmışdım. Ona görə də bu dəfə hədəfim yalnız qızıl medal idi. Ancaq yarımfinalda Rusiya güləşçisinə məğlub oldum. Hər halda, medalsız qalmadım. Buna da şükür. Qismət belə imiş. İnşallah, növbəti yarışlarda çempion olaram”.

Əli yarışda keçirdiyi qarşılaşmalar haqqında da danışıb: “Əslində digər görüşlərim rahat keçdi. Düzdür, erməni güləşçi ilə qarşılaşmada hesab 2:1 oldu. Hətta xəbərdarlıq xalı verilməsəydi belə ona qalib gələcəyimə əmin idim. Lazım olan xalı alacaqdım. Güləş üslubum belədir. Adətən xallarımı sona yaxın alıram. Gürcüstan güləşçisinə isə ümumiyyətlə, rahat qalib gəldim. Bürünc medal uğrunda görüşdə son 30-40 saniyəni gözləyirdim ki, fənd edib xalımı alım. Belə də oldu”.

Güləşçimiz finaldakı səhvini də etiraf edib: “Rusiya güləşçisinə qarşı görüşdə taktikanı düzgün qurmadım. Əslində rəqibin üslubunu tam bilirdim. Ona uduzmamalı idim. Ancaq belə alındı. Hesabda 4:0 öndə idim. Amma bu hesab məndə arxayınlıq yaratmadı. Əksinə, tam üstünlüklə qalib gələ biləcəyimi düşünürdüm. İnşallah, hazırlaşıb Avropa, dünya və olimpiya çempionu olmağa çalışacağam”.