17:37 25-04-2021
news_image
150
FUTBOL

Ən çox komandaya qol vuranlar – SİYAHI

İspaniya La Liqasının XXXI turunda “Kadiz”lə keçirilən səfər oyunu “Real”ın hücumçusu Kərim Benzema üçün əlamətdar olub.

Apasport.az saytının məlumatına görə, komandasının 3:0 hesablı qələbəsinə dublla töhfə verən fransalı forvard “Real” karyerası ərzində ilk dəfə “Kadiz”in qapısına yol tapa bilib.

Bu, Benzemanın La Liqada məyus etdiyi 35-ci komanda olub. 33 yaşlı forvard bu çempionatda ən çox qol vurduğu komanda sayına görə “kral klubu”nun əfsanəsi Raul Qonzalesə çatıb. Hazırda ikinci yeri bölüşən Benzema bəs kimdən geri qalır?

La Liqada ən çox komanda məyus edən futbolçuları təqdim edirik:

1. Lionel Messi – 37 komanda
Argentinalı superulduzun sahib olduğu rekordlardan biri də budur. “Barselona”nın kapitanı karyerası ərzində ölkə çempionatlarından yalnız La Liqada çıxış edib və 37 fərqli komandanın qapısına yol tapıb.

2-3. Kərim Benzema – 35
2009-cu ildə “Real”a transfer olunan fransalı forvard saysız-hesabsız hücumçu keçidlərinə baxmayaraq, əsas heyətdəki yerini itirməyib. Benzema “Real”ın bu sarıdan rekordçusu olmağa çox yaxındır.

2-3. Raul Qonzales - 35
“Real”ın əfsanəvi hücumçusunun vaxtilə qırdığı rekordlar bir-bir əlindən çıxır. Raul karyerasını bitirəndə bu siyahıya başçılıq edirdi.

4-5. Aritz Aduriz – 34
“Atletik”in unudulmaz hücumçusu bir neçə klubu gəzdikdən sonra 31 yaşında döndüyü Bilbao təmsilçisində yüksəlişə keçib. 35 yaşında İspaniya millisinin formasını geyinməyə müvəffəq olan Aduriz ötən mövsümün sonunda futboldan gedib.

4-5. Xulio Salinas – 34
Salinas karyerası ərzində bir çox klubda çıxış edib. Bu səbəbdən sabiq komandalarını da cəzalandıra bilib. İspaniya millisində 56 oyun keçirən sabiq “Barselona”lı 2000-ci ildə karyerasını bitirib.

6-7. Uqo Sançes – 33
Meksikalı Sançes 1981-ci ildə debüt etdiyi La Liqadan 1994-cü ildə ayrılıb. Beş mövsüm liqanı bombardir kimi tamamlayan keçmiş hücumçu 234 qolu 33 fərqli komandanın qapısından keçirib.

6-7. Raul Tamudo – 33
Siyahıdakı adlar arasında karyerası ən sönük keçən futbolçu Tamudodur. La Liqada 146 qolun müəllifi olan keçmiş forvard bunları 33 komandaya yaymağı bacarıb.