10:03 23-04-2021
news_image
222
FUTBOL

“Düşünürdüm ki, atam Messi və Ronaldodan yaxşı oynayır” - Kvaratsxeliya

“İlk məşqçim atam olub. Amma heç vaxt məni nəyəsə məcbur etməyib”.

Apasport.az saytının məlumatına görə, bunu Gürcüstan millisinin hücumçusu Xviça Kvaratsxeliya Rusiya mətbuatına müsahibəsində deyib.

Vaxtilə ölkəmizdə “Kəpəz” və “Şəmkir” klublarında çıxış etmiş, həmçinin Azərbaycan millisinin formasını geyinmiş Badri Kvaratsxeliyanın oğlu Xviça söhbət zamanı atasının seçimlərinə də münasibət bildirib.

“Rubin”in forvardı Badrinin Azərbaycan yığmasında çıxış etməsinə də toxunub: “Atam Azərbaycan çempionatındakı karyerası ərzində çox qol vurdu. Hətta Azərbaycan millisində də oynadı. Onun karyerası barədə heç nə xatırlamıram, çünki həmin vaxt çox balaca idim. Ancaq matçlarının videoyazıları var, onları izləmişəm. Mən kiçik olanda Messi və Ronaldonun ən yaxşı olduğunu deyirdilər. Amma düşünürdüm ki, atam onlardan daha yaxşı oynayır. Atamın niyə Azərbaycan millisini seçdiyi ilə bağlı suala cavab vermək çətindir. Çünki onunla bu mövzuya toxunmadıq, qətiyyən danışmadıq. Ancaq vaxtının çoxunu Azərbaycan çempionatında oynayaraq keçirdi. Bu onun şəxsi seçimi idi. O vaxt Gürcüstanda buna necə reaksiya verdiklərini də bilmirəm. Bir neçə il əvvəl də öz istəyi ilə məşqçiliyi bitirdi. Buna qismən sağlamlıq problemləri səbəb oldu. Evdə oturub oyunumu izləsə yaxşıdır”.

Gənc futbolçu atasından daha güclü futbolçu olmaq arzusunu da gizlətməyib: “Hansı pilləyə yüksəlməyimdən asılı olmayaraq, atamın oğluyam. Ancaq əlbəttə ki, onun karyerasını üstələmək istərdim”.