17:18 23-04-2021
news_image
699
FUTBOL

“Evimizdə siçan yoxdur, artıq yerdə yatmırıq” – Lukakunun ağır həyatı

Belçika millisinin və “İnter”in hücumçusu Romelu Lukaku “The Players Tribune” jurnalına maraqlı müsahibə verib.

Apasport.az saytının məlumatına görə, gələn ay 28 yaşı tamam olacaq ulduz futbolçu olduqca çətin keçən uşaqlıq həyatından bəhs edib.

“İnter”lə A seriyasında çempionluğa doğru irəliləyən Lukakunun həyatını öz fikirləri ilə oxuyaq.

- Beş qəpiksiz qaldığımızı başa düşdüyüm anı çox yaxşı xatırlayıram. Anamın üzündəki ifadəni hələ də unutmuram.

- 6 yaşım var idi, tənəffüsdə yemək üçün evə gəldim. Anamın menyusunda hər gün eyni şey var idi: çörək və süd. Uşaq vaxtı belə şeylərə çox da fikir vermirsən. Bir gün evə gələndə mətbəxə girdim. Anamın həmişəki kimi südlə nəyisə qatdığını gördüm. Nələr olduğunu anlamadım, o özü də çalışırdı ki, başa düşməyim. Yeməyimi gətirəndə hər şey qaydasında imiş kimi gülümsəyirdi. Südə su qatırdı.

- Pulumuz bir həftəni yola verəcək qədər deyildi. Biz kasıb deyildik, çünki ümumiyyətlə, pulumuz olmurdu. Atam peşəkar futbolçu idi. Ancaq karyerasının sonları idi və pul da yox idi.

- Çox vaxt evə gecə girirdim və işıqlar kəsilirdi. Bir dəfə 2-3 həftə işığımız olmadı. Duş qəbul etmək istəyirdim, amma isti su olmurdı. Anam ocaqda su qızdırırdı, mən də hamamda ilıq suyu bir fincanla başıma tökürdüm.

- Anamın məhəllədəki çörək zavodundan çörəyi borca aldığı vaxtlar çox olub. Bir mübarizə içində idik, lakin südə suyu qarışdırdığında anladığım zaman hər şey bitdi. Bu bizim həyatımız idi. Həmin gün özümə bir söz verdim. Sanki bir nəfər məni yuxudan oyatdı. Nə etməli olduğumu başa düşdüm. Qardaşım və anamla qaranlıqda dediyimiz duaları və inancımızı xatırladım. Özümə verdiyim sözü bir müddət heç kimə demədim. Bəzi günlər məktəbdən evə gələndə anamın ağladığını görürdüm. Bir gün qarşısına keçərək, “ana, bu dəyişəcək, görəcəksən. Tezliklə “Anderlext”də oynayacağam, yaxşı olacağıq. Daha narahat olma” dedim.

- Atamdan “nə vaxt peşəkar futbol oynamağa başlaya bilərəm”, soruşanda cavabı “16 yaşında” olurdu. Parkda, məktəbin həyətində, harada olursa-olsun, oynadığım hər matç mənim üçün final idi. Hər zərbəmdə bütün gücümlə topu partlatmağa çalışırdım.

- “Playstation”um yox idi, böyüməyə başladığım zaman bəzi müəllimlər və valideynlər məni stressə salırdı. “Neçə yaşın var”, “neçənci ildə anadan olmusan” kimi suallardan bezmişdim. Çünki həmyaşıdlarımdan çox böyük görünürdüm. 11 yaşımda “Lyers”in gənclər komandasında olduğum zaman rəqib komandanın valideynlərindən biri mənim meydana çıxmağıma mane olmağa çalışdı. O yaşda olduğuma inanmırdılar.

- Antverpendə anadan olduğum üçün özümü belçikalı sayırdım. Atamın səfər oyunlarımıza gəlmək üçün avtomobili yox idi. Təkcə idim, özümü müdafiə etməli olurdum. Belçika tarixinin ən yaxşı futbolçusu olmaq istəyirdim. Buna görə də gedib şəxsiyyətimi bildirən sənədi aldım.

- Bir çox səbəbdən qəzəbli oynayırdım. Evimizdə gəzən siçanlara görə... Çempionlar Liqasını izləmədiyimə görə... Digər valideynlərin mənə necə baxdıqlarını gördüyümə görə...

- 12 yaşım olanda 34 oyunda 76 qol vurdum. Hamısını da atamın ayaqqabıları ilə bacardım. Bir gün babama zəng vurdum. O, həyatımdakı ən önəmli insanlardan, anamla atamın gəldiyi Konqo ilə olan tək bağlılığım idi. Ona telefonda “76 qol vurdum, çempion olduq. Böyük klublar məni izləyəcəklər”, dedim. Babam həmişə oyunum haqda danışmağımı istəyərdi. Amma bu dəfə qəribə davrandı. Mənə dedi ki, Rom, bu yaxşıdır, amma mənə bir yaxşılıq et. Babamdan nə istədiyini soruşdum. “Xahiş edirəm, qızıma yaxşı baxarsan. Mənə söz verə bilərsən? Mənə görə ondan göz-qulaq ol”. Həmin gün babama söz verdim. O söhbətdən sonra beynim qarışdı, nə olduğunu başa düşmədim. Beş gün sonra babam vəfat etdi. Sonra, həqiqətən də, nə demək istədiyini anladım.

- Düşündükcə çox üzülürəm. Kaş babam “Anderlext”də oynadığımı görmək üçün daha dörd il yaşayardı. Sözümün üstündə durduğumu görərdi. Anama 16 yaşımda peşəkar futbolçu kimi ilk oyuna çıxacağımı demişdim, 11 gün gecikdim. “Anderlext”lə peşəkar müqaviləmi 2009-cu il mayın 13-də, doğum günümdə imzaladım. Mayın 24-də pley-off finalında “Standard”la görüşdə meydana çıxdım. Qazandığım ilk pulla yeni FİFA oyunu və kabelli televiziya paketi aldım.

- İşlər qaydasında gedəndə qəzetlər belçikalı hücumçu Romelu Lukaku yazırdılar. Amma uğursuzluq olanda Konqo əsilli belçikalı Romelu Lukaku olurdum. Oyun tərzimi bəyənməyə bilərsiniz. Amma burada anadan olmuşam, Antverpendə, Lirdə, Brüsseldə böyümüşəm. 

- “Anderlext”də oynamağı, Vensan Kompani kimi olmağı xəyal edirdim. Öz ölkəmin bəzi insanlarının niyə uğursuzluğumu görmək istədiklərini bilmirdim. “Çelsi”də oynamadığım zaman mənə güldüklərini eşitdim, “Vest Bromviç”ə icarəyə verildiyimdə də güldülər. Taxılımıza su tökəndə bu insanlar yanımda deyildilər. Heç nəyim olmadığı zaman yanımda olmayanlar məni başa düşə bilməzlər.

- Uşaq vaxtı 10 il Çempionlar Liqasını izləmədim. Məktəbdə uşaqlar final oyunu barədə danışanda mən hər şeydən xəbərsiz olurdum. Amma özümü elə aparırdım ki, guya hər şeydən xəbərdaram. DÇ-2002-nin finalında Ronaldonu izləyəndə ayaqqabılarımın cırıq olduğunu xatırlayıram. 12 il sonra özüm dünya çempionatında iştirak etdim.

- Yalnız babamın bütün bunlara şahidlik etməsini istərdim. “Mançester Yunayted”də, “İnter”də oynamağımdan, Çempionlar Liqasına və ya dünya çempionatına qatılmağımdan bəhs etmirəm. Kaş o, bu gün sahib olduğumuz həyatı görəydi. Kaş onunla daha bir dəfə telefonla danışa və ona xəbər verə biləydim: “Baba, qızın yaxşıdır. Yaşadığımız evdə siçan yoxdur, artıq yerdə yatmırıq. Stress keçirmirik, yaxşıyıq. Daha şəxsiyyət vəsiqəmi yoxlamırlar, adımızı bilirlər”.