21:23 25-04-2021
news_image
315
TOKİO-2020

Azərbaycan daha bir lisenziya qazandı – Tokio-2020-yə

Azərbaycan yığması Tokio-2020 Yay Olimpiya Oyunlarına daha bir lisenziyaya sahib olub.

Apasport.az saytının məlumatına görə, milli komandamıza növbəti vəsiqəni qılıncoynadanımız Anna Başta qazandırıb. 

O, İspaniyanın paytaxtı Madriddə keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gəlməklə, bu hüquqa yiyələnib. 

Bununla da yığmamızın Tokio-2020-yə lisenziya sayı 20-yə çatıb. 

Baştadan öncə idman gimnastları Marina Nekrasova ilə İvan Tixonov, bədii gimnast Zöhrə Ağamirova, bu növdə qrup hərəkətləri üzrə komanda, atletikanın çəkicatma növündə Anna Skidan, üçtəkanla tullanma növündə Nazim Babayev, üzgüçülər Maksim Şemberevlə Ramil Vəlizadə, güllə atıcısı Ruslan Lunyov, qadın güləşçisi Mariya Stadnik (50 kq), sərbəst güləşçilər Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Şərif Şərifov (97 kq), 
Yunan-Roma güləşçisi İslam Abbasov (87 kq), taekvondoçu Milad Beiqi Harçeqani (80 kq), boksçu Tayfur Əliyev (57 kq), karateçilər Rafael Ağayev (75 kq) və İrina Zaretska (+61 kq) da Tokio-2020-yə lisenziyaya sahib olublar. Həmçinin şosse velosipedində də Elçin Əsədova iştirak hüququ verilib.

Tokio Olimpiadası bu il iyulun 23-dən avqustun 8-dək keçiriləcək.