11:36 26-04-2021
news_image
1765
FUTBOL

“Sabah”ı aşağıladı və ya “Neftçi”yə yaraşmayan sözlər

Çoxdan idi hansısa çempionat oyunumuz belə gərgin, qalmaqallı alınmamışdı. Təəssüf ki, futbolumuz yenə meydanda sərgilənən oyunla yox, xoşagəlməz hadisələrlə, söyüşlərlə gündəmə gəldi. Görünür, Azərbaycanda futbolun varlığını insanlara başqa cür çatdırmaq mümkün deyil.

Koronavirusun bütün dünyada tüğyan etdiyi və insanların pozitivə üzüldüyü bu dönəmdə Premyer Liqanın dünən keçirilən “Sabah” – “Neftçi” (2:2) matçında neqativ məqam nə qədər istəsən var idi. Baş hakim Vüqar Həsənli artıq 4-cü dəqiqədə əlini cibinə atmaqla alovun ilk qığılcımını atdı. Ardından səhvlər bir-birini əvəzləməyə başladı. Statistikasını aparsaq, bəlkə də, sarı vərəqə Həsənlinin əlində cibindən daha çox qaldı. Hər ağzını açana “sarı üzünü göstərmək”, xətdən kənardakı kobudluğu penalti kimi görmək, təmiz qolu saymamaq oyunsonrası dava-dalaşa təkan verdi. Futbolçuların meydanda bir-birinə düşmən kimi yanaşması, hətta Təmkin Xəlilzadənin söyüşləri havada uçuşdurması da hakimin yaratdığı gərginlikdən qaynaqlandı.

Yeganə alqışalayiq hal “Sabah”ın hətta 8 nəfərlə də hücuma çıxıb, qol vurmaq istəməsi idi. Amma heç kimin ağlına gəlməzdi ki, Samir Abasov matçdan sonra qəsəbə komandasını məhz buna görə tənqid, hətta təhqir edəcəkdi. 8 nəfərlə qalan rəqibə qol vura bilməyən komandasına irad tutmayan “Neftçi”nin baş məşqçisi “Sabah”ı az qala mübarizə aparmaqda günahlandırdı. Abasovun mətbuat konfransında diqqət çəkən sitatlarına göz gəzdirək:

- “Mən bilirəm ki, biz tək komandaya qarşı mübarizə aparmırıq”.
- “Sabah”ın bu vaxta qədər digər komandalara qarşı belə oynadığını görməmişəm”.
- “Biz rəqib komandanı yerə uzandırdıq. O günə qoyuruq ki, saatlarla uzanırlar. Bunu biz edirik”.
- “Bu qapıçını illərdir tanıyırlar, amma bir çarə qılmırlar. Mən bu adamı tanıyandan belə edir. Ver, çıxar qırmızısını, rədd elə getsin də”.

Təəssüf ki, son iki fikir “Neftçi” kimi köklü klubun baş məşqçisinə yaraşmayan tərzdə oldu. “Rəqibi uzandırdıq”, “rədd elə” aşağılayıcı ifadə, təhqir deyilsə, bəs nədir? Yəqin ki, AFFA İntizam Komitəsi bu məqamı araşdıracaq. Həmçinin “Sabah” tərəfi də bu təhqirləri cavabsız qoymamalı, qapıçısını müdafiə eləməlidir.

3 qırmızı vərəqəyə qane olmayan Abasov 4-cüsünün verilməməsindən şikayətləndi. Onun ən böyük narazılığı Saşa Stamenkoviçin vaxtı uzatması idi. Amma unutduğu bir şey var ki, bunu dünya futboluna Stamenkoviç gətirməyib. Futbolun yazılmayan qanunlarından biridir: nəticəyə qane olan tərəf vaxt uzadır. Bunu dəfələrlə “Neftçi”nin də, “Qarabağ”ın da, hətta dünyanın ən böyük klublarının da timsalında görmüşük. Yəni Stamenkoviçin bu davranışında qəbahətli nəsə yoxdur. 8 nəfərlə qalan komandasını rahatlatmaq üçün vaxt “udmasını” başa düşmək çətin deyil.

Samir Abasovun tək haqlı iradı sayılmayan qolları ilə bağlı oldu. Amma nədənsə “Sabah”ın qapısına verilən olmayan penaltidən danışmadı, bəh-bəhlə gətirdikləri Keysuke Hondanın voleybolçu kimi topa blok qoymasından, futbolçularının azlıqda oynayan rəqibi önündə passiv hərəkətindən şikayətlənmədi.

Matçda 4 qol vurulsa da, Vüqar Həsənlinin idarəçiliyi, oyunsonrası dava-dalaş və Samir Abasovun fikirləri hər şeyi kölgədə qoydu. Görünür, bizdə çempionatın var olduğunu car çəkmək üçün arada belə şeylər lazımdır.

Ruslan Sadıqov