18:25 26-04-2021
news_image
266
FUTBOL

Həvəskar olmadan peşəkarlığa göz dikənlər - saxtakar “futbolçular”

Bu yaxınlarda Türkiyə klubu “Akhisar”ın müqavilə imzaladığı bir nəfərin əslində futbolçu olmadığı üzə çıxıb.

Apasport.az saytının məlumatına görə, bu, böyük futbolda yaşanan ilk belə hadisə deyil.

Tarixdə bir neçə dəfə klubların fırıldaqçılar tərəfindən aldadılması hadisəsi yaşanıb. Onlardan bir neçəsini xatırlayaq...

Ali Dia
1996-cı ildə futbol dünyasında bir daha təkrarlanmayan bir hadisə baş Verdi. “Sauthempton”un baş məşqçisi Qrem Sunesə zəng vuran Ali Dia özünü Corc Veanın qohumu kimi təqdim etdi və 1 aylıq müqavilə imzaladı. Həmin il noyabrın 23-də “Lids”lə görüşdə meydana daxil olan Dianın yalanı sonradan üzə çıxdı. Veaya zəng vuran Sunes ondan belə bir qohumunun olmadığını öyrəndi. Axı Dia seneqallı, Vea isə liberiyalı idi. Müqaviləyə dərhal xitam verildi. Amma Ali Dia özünə başqa liqalarda klub tapdı.

Karlos Kayser
“Flamenqo”da yetişən Kayser 18 yaşına çatanda onunla peşəkar müqavilə imzalanmadı. 20 yaşında Meksika təmsilçisi “Puebla”da baxışdan keçdi. Peşəkar sözləşmə bağlasa da, debüt etmədən oradan göndərildi. Həmin vaxtlar internetin o qədər də ciddi yayılmadığını nəzərə alsaq, Kayser üçün Braziliyada özünə klub tapmaq çətin olmadı. Getdiyi komandalarda ulduz futbolçularla yaxşı münasibət qurdu, onların sayəsində tez-tez başqa komandada özünə yer tapa bildi. Dostlarına, klub rəhbərliyinə aldığı hədiyyələr qovulmasının qarşısını aldı. Hər dəfə zədəli olduğunu bəhanə edərək, heç bir matça çıxmadı. “Banqu”da oynadığı dönəmdə isə maraqlı hadisə baş verib. Klubun sahibi Kastor de Andrade onu yalnız məşq edərkən görməkdən bezir, baş məşqçiyə matça çıxarmasını tapşırır. Səfər görüşündə “Banqu” 0:2 hesabı ilə geridə olarkən baş məşqçi hazırlaşması üçün onu qapı arxasına isinmə hərəkəti etməyə göndərir. Kayser də orada qalmaqal yaradaraq, qarşılaşmanın yarımçıq dayandırılmasına səbəb olur. Artıq klubun sahibi onu hədəf seçmişdi və oyundan sonra paltardəyişmə otağına bu qəzəblə daxil oldu. Ancaq Kayserin “Azarkeşlər sizə “oğru” deyə qışqırdı. Mən atamı erkən yaşda itirdim, sizi həmişə özümə ata bilmişəm”, yalanı onun daha 6 ay qalmasına yol açdı.

Alieu Darbo
İsveçdə anadan olan qambiyalı Darbonun yalanını Yunanıstan təmsilçisi PAOK üzə çıxardı. Özünə menecer düz-qoş edən və Dortmund “Borussiya”sından tövsiyə məktubu yaradan Darbo bu sayədə baxışdan keçmək üçün klublara üz tutdu. Hətta “Krotone”də oynadığı, ancaq irqçi şüarlara görə oranı tərk etdiyi bildirilir. Zaqreb “Dinamo”su başda olmaqla bir neçə klubu aldatmağı, onlarla peşəkar müqavilə imzalamağı bacardı.

Qreqorye Akcelrod
Akcelrod yaratdığı saxta karyera ilə Avropanın nəhəng klublarının diqqət mərkəzinə düşdü. İlk olaraq özünə aid internet saytı açdı, oyunların videoyazılarını paylaşdı. Özünü əksər epizodlarda Nikolya Anelkanın yerinə montaj etdi. Bu səbəbdən “Arsenal”dan dəvət aldı, Arsen Venger onu baxışa çağırdı. “Transfermarkt”da belə, karyerası ətraflı yazılan Akcelrod PSJ formasında şəklini paylaşdı. Bu da işini asanlaşdırdı İngiltərənin aşağı liqalarında baxışdan keçən fransalı 2009-cu ildə Sofiya MOİK-dən təklif aldı. Həftəlik 15 min funt-sterlinq maaş olmaqla 3 illik müqavilə də bağladı. Ancaq azarkeşlər onun yalanını üzə çıxarınca, sözləşməsinə xitam verildi.

Martins Çisom Onyebueke
“Akhisar”a qış fasiləsində transfer edilən Onyebueke həvəskar və ya peşəkar olaraq heç bir klubda çıxış etməyib. Türkiyə klubunda 13 oyunun heç birində iştirak ərizəsinə salınmadı. Həvəskar olmamış peşəkarlığa addım atmaq arzusu isə baş tutmadı.