12:11 27-04-2021
news_image
544
TOP OYUNLARI

Yığmamız Avropa çempionatına koronavirusa yoluxan baş məşqçisiz yollanacaq - EKSKLÜZİV

Kişi voleybolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə oyunlarına baş məşqçi Fərid Cəlalovsuz yollanacaq.

Bu barədə apasport.az saytına məlumatı təcrübəli çalışdırıcının özü verib.

O bildirib ki, hazırda Mingəçevirdə təlim-məşq toplanışında olan komanda ilə birgə olmamağının səbəbi koronavirus infeksiyasına yoluxmasıdır: “Bir müddətdir ki, bu xəstəliyə tutulmuşdum. Çox ağır keçirdim. Müalicəmdə vitse-prezidentimiz Faiq Qarayevin böyük köməkliyi oldu. Hazırda yaxşılaşmışam. Təxminən bir həftədir ki, ağır günlərim arxada qalıb”.

F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla mübarizə aparacaq yığmamızı bu oyunlara baş məşqçi kimi Pərviz Səmədov çıxaracaq. Ona köməkliyi Dilqəm Qəhrəmanov, Akif Vəliyev və Eldar Əliyev edəcəklər. Cəlalovun sözlərinə görə, yığma üzvü artıq əsas çalışdırıcı kimi sifariş olunsa da, postundan ayrılmayıb: “Xəstəliyimlə əlaqədar məsləhət oldu ki, yarışlara komanda Səmədovun rəhbərliyi altında yollansın. Oyunlardan sonra yenidən öz vəzifəmi yerinə yetirəcəyəm”.

Qeyd edək ki, seçmə mərhələnin oyunları mayın 7-9-da Gürcüstanda, 14-16-da Monteneqroda keçiriləcək.