17:19 27-04-2021
news_image
1625
FUTBOL

Mahir Emreli və dünya rekordçuları

“Qarabağ”ın futbolçusu Mahir Emreli qeyri-adi nailiyyətə imza atıb.

Apasport.az saytının məlumatına görə, hücumçu Premyer Liqanın XXIV turunun “Qəbələ” ilə görüşündə 3 dəqiqəyə üç qol vurub.

Matçın rəsmi protokoluna əsasən qollar 88, 89 və 90-cı dəqiqələrə qeyd olunub. Videogörüntülərə əsasən üç qol 190 saniyəyə (86:50-də ilk, 90:00-da son) vurub.

Futbol tarixinin ən sürətli het-triklərini təqdim edirik:

1. Maqnus Arvidsson (Heslessholm – Landskrona, 1995)
Maqnus üç qolu 89 saniyə ərzində vurub. Komandasının 0:3 hesabı ilə uduzduğu vaxt səhnəyə çıxan hücumçu tarazlıq yaradıb. Ardınca daha iki qol vuran “Heslessholm” bu qələbə ilə İsveç çempionatının ikinci liqasındakı yerini qoruyub.

2. Tommi Ross (Neyr Kaunti – Ross Kaunti, 1964)
“Neyr Kaunti”nin hücumçusu bu matçda 7 qol vurub. Ross toplardan üçünü 90 saniyə ərzində rəqib qapısından keçirib. Şotlandiyalı sonradan təəssüfünü gizlətməyib: “Həmin vaxt qolları sevinclə qeyd etmək qəbul olunmamışdı. Qol vurur, yenidən geri öz qapımıza tərəf qayıdırdıq”.

3. Eduardo Malyoni (İndependente – Ximnasiya və Esqrima, 1974)
Argentinalı forvard Cənubi Amerikanın ən sürətli het-trikinin müəllifidir. O, “İndependente”yə 3:0 hesablı qələbə qazandırdığı matçda 110 saniyəyə üç dəfə fərqlənib. Maraqlıdır ki, Malyoni də Mahir kimi görüşün sonlarında qəhrəmana çevrilib.

4. Cey Heyter (Bornmut – Reksxem, 2004)
XXI əsrin rekordçusu olan Cey həm də İngiltərə futbol tarixinin ən sürətli het-trikinə imza atıb. O, 2-ci liqanın görüşündə 2 dəqiqə 21 saniyə, yəni 141 saniyəyə üç dəfə fərqlənib. Bu, “Bornmut”un 6:0 hesablı qələbəsində önəmli rol oynayıb.

5. Abdul Hamin Bassiuni (Misir – Namibiya, 2001)
Milli səviyyəsində rekord misirli futbolçuya məxsusdur. DÇ-2002-nin seçmə görüşündə ona üç qol üçün 155 saniyə kifayət edib.