14:27 27-04-2021
news_image
264
FUTBOL

Azərbaycanı birdəfəlik tərk etməyə hazırlaşır – milliləşdirilən 2 futbolçu

Rusiyadan gətirilərək milliləşdirilən daha iki futbolçu ölkəmizi tərk etməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “Sabah”ın müdafiəçisi Məhəmməd Mirzəbəyov və “Zirə”nin yarımmüdafiəçisi Ruslan Qurbanov Azərbaycan klubları üçün artıq futbolçuya çevrilib.

Son illər oynadıqları komandalarda ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilən rusiyalı futbolçular, çox güman ki, mövsümün sonunda ölkələrinə qayıdacaqlar. Özü də birdəfəlik. Mirzəbəyovun “Sabah”la müqavilə müddəti mövsümün sonuna qədərdir və bakılılar onu saxlamamaq qərarına gəlib. Ruslan Qurbanov isə “Zirə”yə gələn ilin yayına qədər məxsusdur, ancaq baş məşqçi Rəşad Sadıqov onun xidmətində maraqlı deyil.

Milliləşdirilən hər iki futbolçu indidən vətənlərində əlaqələrini işə salaraq, özlərinə klub tapmağa çalışırlar. Bəzi komandalarla hətta ilkin söhbət də olub. Rusiya Premyer Liqasını tərk etməyə yaxın olan “Rotor” gələn mövsüm aşağı liqada Qurbanovun xidmətindən yararlanmağın əleyhinə deyil. Mirzəbəyov isə aşağı liqalarda çıxış edən sabiq komandaları “Torpedo” və “Anji” ilə danışıq aparır.

Qeyd edək ki, Ruslan Qurbanov 2011-ci ildən, Məhəmməd Mirzəbəyov 2012-ci ildən ölkəmizdə çıxış edir. Qurbanov Azərbaycan millisində 26 matçda 1 qol vurub, Mirzəbəyov isə 18 görüşdə iştirak edib.