13:52 02-05-2021
news_image
207
FUTBOL

Çadır, ərəb baş geyimi və konteynerlərdən qurulan arena – DÇ-2022-nin stadionları

Qətərdə keçiriləcək DÇ-2022-nin startına təxminən 1 il 7 ay var.

Apasport.az saytının məlumatına görə, mundial noyabrın 21-də start götürəcək.

Çempionatın infrastrukturu demək olar ki, indidən hazırdır. Dohada yeni metro xətti və nəqliyyat şəbəkəsi artıq fəaliyyət göstərir.

Çempionatın oyunlarını qəbul edəcək stadionlardan da dördü artıq istifadəyə verilib. Daha üç arena bu ilin sonuna qədər açılacaq.

DÇ-2022-nin ən böyük stadionu, finalı qəbul edəcək “Lusail”in açılışı isə gələn ilin əvvəlinə planlaşdırılıb.

Qətərdəki çempionat tarixə ən kompakt mundial kimi düşəcək. Yarışı qəbul edəcək arenalar arasında ən uzun məsafə 75 km təşkil edir. Bu, “Əl Beyt” və “Əl Cənub” stadionlarıdır.

“Edukeyşn Siti” və “Əhməd bin Əli” isə lap yaxınlıqda yerləşir. Bu iki idman qurğusunu cəmi 5 km ayırır.

“Xəlifə İnternasional”
Tutumu:
40 000 tamaşaçı
Dohanın mərkəzindən məsafəsi: 11 km
Açılışı: 2017-ci il

Mundialın istifadəyə verilən ilk stadionudur. Arenada irimiqyaslı renovasiya işləri aparılıb. 2017-ci il mayın 19-da isə Əmir kubokunun finalı keçirilib. “Xəlifə” çempionatın 8 oyununu, o cümlədən 3-cü yer uğrunda qarşılaşmanı qəbul edəcək.

“Əl Cənub”
Tutumu:
40 000 tamaşaçı
Dohanın mərkəzindən məsafəsi: 23 km
Açılışı: 2019-cu il

DÇ-2022-nin sıfırdan inşa olunan ilk stadionudur. Arena 2019-cu ilin mayın 16-da açılıb. Bu, Əmir kubokunun finalı ərəfəsində olub. “Əl-Cənub” Əl-Vakra şəhərində yerləşir. Stadionun dizaynı eleqantlığı və ənənəvi Qətər qayıqlarının yelkənlərini təcəssüm edən xətlərlə bəzədilib. Bu, şəhərin bağlı olduğu dəniz sənayesini nümayiş etdirir. “Əl Cənub”da 7 oyun keçiriləcək. İnnovasiyalı sərinləşdirici sistemi və açılıb-bağlanan dam stadionun il boyu istifadəsinə imkan verir.

“Edukeyşn Siti”
Tutumu:
40 000 tamaşaçı
Dohanın mərkəzindən məsafəsi: 13 km
Açılışı: 2020-ci il
“Səhra almazı” adlandırılan stadion 2020-ci il iyunun 15-də onlayn formatda açılıb. Açılış mərasimi koronavirus pandemiyası dövründə tibb işçilərinə həsr olunmuşdu. Arena bilik və innovasiyalar mərkəzi ilə canlanan “Qatar Foundation”ın “ürəy№ində yerləşir. Stadion elmi tədqiqat və təhsil müəssisələri ilə əhatə olunub. Burada DÇ-2022-nin 8 matçı keçiriləcək.

“Əhməd bin Əli”
Tutumu:
40 000 tamaşaçı
Layihə: Ramboll 
Dohanın mərkəzindən məsafəsi: 22 km
Açılışı: 2020-ci il

Hazırkı durumda DÇ-2022-nin istifadəyə verilən sonuncu stadionudur. Azarkeşlər arenanı ilk dəfə 2020-ci il dekabrın 18-də görüb. Həmin vaxt burada Əmir kubokunun finalı keçirilib. Stadion Əl-Rəyyanda “Mall of Qatar” ticarət mərkəzinin yanında, “Əl Riffa” metro stansiyasından piyada bir neçə dəqiqəlikdə yerləşir. Stadionun işıq saçan fasadını Qətəri – ailə dəyərləri, səhraların gözəlliyi, flora, fauna, həmçinin yerli və beynəlxalq ticarəti xarakterizə edən naxışlar bəzəyir. Beşinci forma – qalxan isə bütün digər məqamları, güc və birliyi göstərir. Bu stadionda DÇ-2022-nin 7 oyunu keçiriləcək.

“Əl Beyt”
Tutumu:
60 000 tamaşaçı
Layihə: Dar Al-Handasah
Dohanın mərkəzindən məsafəsi: 46 km
Hazırlıq durumu: tikinti başa çatıb, yaxın aylarda açılışı olacaq

Bu arena çempionatın açılış matçını qəbul edəcək. “Əl Beyt” bütün dünyadan olan azarkeşləri ölkənin ənənəvi mədəniyyəti ilə tanış edəcək. Arenanın dizaynı ənənəvi ərəb çadırını xatırladır. Bu, “beyt əl-şaar” kimi tanınır və ərəb qonaqpərvərliyini göstərir. Bu unikal stadion açılıb-bağlanan dama və ətrafında 400 min kvadrat metr yaşıllığa malikdir. Arenada DÇ-2022-nin 9 oyunu, o cümlədən yarımfinal keçiriləcək.

“Əl Tumama”
Tutumu:
40 000 tamaşaçı
Layihə: Arab Engineering Bureau
Dohanın mərkəzindən məsafəsi: 12 km
Hazırlıq durumu: tikintinin əsas hissəsi başa çatıb, oturacaqların yerləşdirilməsi, mexaniki, elektrik və texniki işləri aparılır

Dizayn ənənəvi baş geyimini təcəssüm edir. Bu geyimi əsrlər boyu bütün ərəb dünyasının kişiləri taxıb. Qətər arxitektoru İbrahim Ceydahın layihələşdirdiyi ilk stadiondur. Bu arena 8 matçı qəbul edəcək.

“Ras Əbu Əbud”
Tutumu:
40 000 tamaşaçı
Layihə: FIA Fenwick Iribarren Architects
Dohanın mərkəzindən məsafəsi: 7 km
Hazırlıq durumu: 972 yük konteynerindən istifadə olunmaqla tikilir, tikintinin böyük hissəsi başa çatıb, yekunlaşmayan işlər sürətlə davam etdirilir 

Dünya çempionatları tarixində ilk arenadır ki, tamamilə yük konteynerlərindən quraşdırılır. Stadion DÇ-2022-nin 7 matçına ev sahibi olacaq.

“Lusail”
Tutumu:
80 000 tamaşaçı
Layihə: Foster + Partners
Dohanın mərkəzindən məsafəsi: 20 km
Hazırlıq durumu: Beton işləri görülüb, tikintinin həlledici mərhələsi başlayacaq

DÇ-2022-nin ən böyük stadionudur. Qətərin ərəb mədəniyyətini bütün dünya ilə bölüşmək arzusunu təcəssüm edir. Stadionun dizaynı işıq və kölgənin qarşılığını əks etdirir. Arenanın qızıl fasadı miqyası ilə də pərəstişkarların gözünü oxşayacaq. Stadion yeni rayon olan Lusailin mərkəzindədir. Arenada 10 matç, o cümlədən final keçiriləcək.