00:00 29-04-2021
news_image
271
FUTBOL

Azərbaycanda Makovski - dünyada İquain və Ture qardaşları

ABŞ-ın MLS liqasında futbolda nadir hallarda görünən hadisələrdən biri baş verib.

Apasport.az saytının məlumatına görə, “İnter Mayami”nin formasını geyinən Qonsalo İquain və Federiko İquain qardaşları “Filadelfiya Yunion”a qarşı keçirilən son matçda qol vuraraq komandalarına 2:1 hesablı qələbə qazandırıblar.

Bu, XXI əsrdə böyük liqalarda qardaşların eyni komandanın heyətində eyni matçda qol vurduqları 5-ci oyun olub. Bu yazıda məhz həmin 5 görüşü yada salacağıq.

Azərbaycanda da belə hal yaşanıb. Onlardan ən məşhuru Makovski qardaşları olub. Ölkəmizdə “İnter”in formasını geyinmiş Vladimir və Mixail Makovski qardaşları 2004-cü ildə “Turan”, “Şəmkir”, 2005-ci ildə isə “Bakılı” ilə görüşdə fərqləniblər. Onların qol vurduqları bu qarşılaşmaların hər üçündə “İnter” qələbə qazanıb.

Ölkəmizdə Musa Qurbanov – Qurban Qurbanov qardaşları da dəfələrlə bunu təkrarlayıblar. “Daşqın”, “Turan”, “Kür-Nur” və “Neftçi”də çiyin-çiyinə çıxış etmiş Qurbanov qardaşları buna 1990-cı illərdə, yəni ötən əsrdə nail olublar.

1. Federiko & Qonsalo İquain
Avropa nəhənglərinin formasını geyinmiş argentinalı Qonsalo İquain özündən daha az tanınan Federiko ilə MLS klubu “İnter Mayami”də bir araya gəlib. Qardaşlar “Filadelfiya Yunion”la matçda hərəyə bir dəfə fərqlənərək komandaya qələbə qazandırıblar. Bununla onlar MLS tarixində komanda yoldaşı kimi eyni matçda qol vuran ilk qardaşlardır.

2. Andre & Cordan Ayyu
Qanalı hücumçular “Marsel” və “Suonsi”də çiyin-çiyinə çıxış edib. Qardaşlar düz 5 dəfə eyni matçda qol sevincini bölüşüblər. 2011-ci ildə “Nitsa” və “Kan”a, 2012-ci ildə “Ayaçço”ya, 2013-cü ildə isə “Monpelye” ilə “Renn”ə hər ikisi qol vurub.

3. Yaya & Kolo Ture
Ture qardaşları “Mançester Siti”də komanda yoldaşı olublar. Fil Dişi Sahili yığmasının sabiq üzvləri 2011-ci ildə “Vulverhempton”a 4:3 hesabı ilə qalib gəldikləri qarşılaşmada aktivlərinə qol yazdırıblar.

4. Dieqo & Qabriel Milito
Dieqo və Qabriel Milito qardaşları 2005-ci ildə “Saraqosa”nın heyətində bir araya gəlib. Argentinalıların hər ikisi 2005-ci ildə “Barselona” ilə görüşdə fərqlənib, oyun 2:2 hesabı ilə başa çatıb.

5. Roje & Oskar Qarsiya
Qarsiyalar 2000-2003-cü illərdə “Espanyol”un şərəfini qoruyublar. 2001-ci ildə “Saraqosa” ilə oyunda hərəsi bir qol vuraraq komandanın 5:0 hesablı qələbəsinə töhfə verib.