16:35 28-04-2021
news_image
184
FUTBOL

Son 5 ildəki braziliyalıları – “Mançester Siti”nin

Güclü maliyyə dəstəyi olduğu üçün ulduz futbolçu transferlərinə külli miqdarda pul xərcləyən “Mançester Siti” eyni zamanda gələcəyə də yatırım edir.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu, xüsusən də, gənc braziliyalıları heyətinə qataraq, onlardan gələcəkdə yararlanmağı planlaşdırır.

Belə oyunçulardan biri də yenidə “Fluminense”dən transfer edilən Kaykidir. Razılığa əsasən, gənc oyunçu gələn ilin yayında “şəhərlilər”ə qoşulacaq.

Kayki də daxil olmaqla “Mançester Siti”nin son 5 ildə transfer etdiyi braziliyalı futbolçulara göz gəzdirək:

Kayki
Gələcəyin Neymarı hesab edilən Kayki “şəhərlilər”ə 10 milyon avroya başa gəlib. 17 yaşlı vinger bu mövsüm 9 oyunda iştirak edib, 2 qol, 1 assistlə yadda qalıb.

Dieqo Rosa
Premyer Liqa təmsilçisi qış fasiləsində “Qremio”nun 17 yaşlı oyunçusunu 6 milyon avro qarşılığında heyətinə cəlb edib. Yarımmüdafiəçi transfer edilən kimi, Belçikanın ikinci liqa klubu “Lommel”ə icarəyə verilib.

Yan Kouto
18 yaşlı sağ cinah müdafiəçisi ötən ilin yayında 6 milyona “Koritiba”dan alınıb. İspaniyanın La Liqa-2 təmsilçisi “Xirona”ya icarəyə verilən Kouto bu mövsüm 20 oyunda meydana çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Duqlas Luiz
2017-ci ildə “Vasko da Qama”dan 12 milyon avroya transfer edilən Luiz iki il sonra 16,8 milyon avro müqabilində “Aston Villa”ya satılıb. 22 yaşlı orta sahə oyunçusu yeni komandasındakı performansı sayəsində transfer dəyərini 35 milyon avroya yüksəldib.

Ederson
Braziliya millisinin əsas qapıçısı 2017-ci ildə 40 milyon avroya “Benfika”dan gətirilib. Həmin vaxtdan çərçivədəki etibarlı çıxışı ilə seçilən qolkiper cari mövsüm keçirdiyi 41 oyunun 23-də qapısında qol buraxmayıb. Ederson ümumilikdə 26 dəfə topu tordan çıxarıb.

Danilo
Danilonun transferi də 2017-ci ilə təsadüf edir. Həmin vaxt keçid mançesterlilərə 30 milyon avroya başa gəlib. Sağ cinah müdafiəçisi iki il sonra “Yuventus”dakı Joao Kanselo ilə dəyişdirilib.

Qabriel Jezuş
Dörd il əvvəl Premyer Liqa klubunun formasını geyinən daha bir “sambaçı”. Klub forvardı 32 milyon avroya alıb. Jezuş bu mövsüm 35 matçda 13 qol vurub, 3 assist edib. 24 yaşlı ulduz futbolçunun hazırkı transfer dəyəri 60 milyon avrodur.