11:39 29-04-2021
news_image
173
FUTBOL

Zidan və Qvardiolanın rekordu təkrarlamaq şansı - avrokubokların ən titullu məşqçiləri

Futbolda məqsəd çempionluqlar qazanmaq, çoxlu titullara sahib olmaqdır.

Apasport.az saytının məlumatına görə, xüsusən də, avrokuboklarda zəfər əldə edən istənilən futbolçu və məşqçi tarixə düşür.

“Real”ın baş məşqçisi Zinəddin Zidan və onun “Mançester Siti”dəki həmkarı Pep Qvardiola Avropa arenasında qazandıqları kubokların sayını artırmaq imkanı əldə ediblər. Çünki hər iki mütəxəssisin komandası hazırda Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsindədir. ÇL-i qazanacaq çalışdırıcı komandasını UEFA Superkuboku matçına çıxarmaq hüququ da qazanır. Bu isə o deməkdir ki, Zidan və ya Qvardiola avrokuboklarda ən çox titul əldə edən məşqçi rekordunu təkrarlaya bilər.

Bu yazıda məhz indiyə qədər UEFA-nın bayrağı altında keçirilən yarışlarda ən çox çempionluq əldə edən məşqçilərə nəzər yetirəcəyik.

1. Karlo Ançelotti – 7 kubok
“Everton”un baş məşqçisi Çempionlar Liqasını ən çox qazanan məşqçilərdəndir. “Milan”da 2, “Real”da isə 1 dəfə buna nail olub. İtaliyalı mütəxəssis bu komandalara eyni sayda da UEFA Superkubokunu qazandırıb. “Yuventus”un sükanı arxasında olarkən də bir dəfə İntertoto Kubokunun qalibi olub.

2-3. Aleks Ferqyuson - 6 kubok
“Mançester Yunayted”in əfsanəvi baş məşqçisi “qırmızı şeytanlar”a 2 dəfə Çempionlar Liqası, 1 dəfə Kuboklar Kuboku, 1 dəfə də UEFA Superkuboku sevinci yaşadıb. Şotlandiyalı mütəxəssis ölkəsində “Aberdin”lə də Kuboklar Kuboku və UEFA Superkubokunu qazanıb. 

2-3. Covanni Trapattoni - 6 kubok
Trapattoni UEFA-nın klublar üçün təşkil etdiyi 3 böyük turnirin də qalibi olan yeganə məşqçidir. “Milan”da 2, “Yuventus”da isə 1 dəfə qitənin ən nüfuzlu klub turnirinə sahib çıxan italiyalı bu komandaların hərəsinə 1 dəfə də Kuboklar Kubokunu qazandırıb. “İnter” isə onun rəhbərliyi altında UEFA Kubokunu muzeyinə aparıb.

4-6. Bob Paysli - 5 kubok
“Liverpul”la həm futbolçu, həm də baş məşqçi kimi böyük uğurlara nail olan Paysli “qırmızılar”ı 3 dəfə Çempionlar Kubokunun qalibi edib. Həmçinin klubun muzeyinə 1 UEFA Kuboku, 1 də UEFA Superkubokunu bəxş edib.

4-6. Zinəddin Zidan - 5 kubok
Zidan “Real”a ardıcıl 3 mövsüm Çempionlar Liqasını qazandıraraq, klub tarixində bunu bacaran ilk mütəxəssis olub. Fransalı çalışdırıcı həmçinin 2 dəfə UEFA Superkubokunu başı üzərinə qaldırıb.

4-6. Pep Qvardiola - 5 kubok
Baş məşqçi karyerasına “Barselona”da başlayan Qvardiola bu komandanı 2 dəfə ÇL-in, 2 dəfə də UEFA Superkubokunun qalibi edib. Pep “Bavariya” karyerasına da UEFA Superkubokunu qazanaraq başlayıb.