11:59 29-04-2021
news_image
149
FUTBOL

“Nə etmişik ki, “ulduz xəstəliyinə” də tutulaq?” – millimizin qapıçısı

“Necə ki, general olmağı arzulamayan əsgər yaxşı əsgər deyil, futzalda da millidə oynamağı arzulamayan futzalçı yaxşı futzalçı deyil”.

Apasport.az saytının məlumatına görə, bunu futzal üzrə Azərbaycan millisinin qapıçısı Cavad Məmmədov deyib.

Bu il ilk dəfə yığmaya çağırılan 20 yaşlı qolkiper debütü ilə bağlı Azərbaycan Futzal Federasiyasının rəsmi saytına təəssüratlarını bölüşüb: “Milli hər birimizin arzuladığı, formasını geyinməyə can atdığı komandadır. Ayağımız topa dəyən gündən bu formanı geyinməyin xəyalları ilə böyüyürük. Əlbəttə, ilk dəfə belə bir dəvət eşidəndə, sözün yaxşı mənasında təəccübləndim. Sevincimi sözlə ifadə edə bilmərəm. Təsəvvür edin, illərlə sənə arzu kimi görünən məqama çatmısan. Təbii ki, bunun məsuliyyətini də dərk edirəm”.

Avropa çempionatının seçmə mərhələsində Yunanıstanla Bakıdakı son dueldə bir neçə dəqiqəlik meydanda olan Məmmədov daha böyük hədəfləri olduğunu söyləyib: “İstənilən sahədə uğura addım-addım irəliləyirsən. Bu seçmə mərhələdə ilk dəfə milliyə dəvət aldım, artıq bir oyunda da meydana çıxdım. Buna şərait yaratdığına görə, məşqçilər korpusuna təşəkkür edirəm. Zirvəyə yüksəlmək asandır, amma orada duruş gətirmək çətindir. Bilirəm ki, bu gün millidə Rövşən və Emin kimi təcrübəli qapıçılar var. Çalışıram onların təcrübəsindən faydalanım. Qapıçılarla işləyən məşqçimiz Ağakərim Həsənov da zəif tərəflərimi başa salır, necə aradan qaldırmağın mümkünlüyünü öyrədir”.

O, klubla millinin fərqi haqda da danışıb: “İstər klub, istərsə də yığma komanda olsun, formanı geyindinsə, məsuliyyətini anlamalı, qapıda etibarlı dayanmalısan. Əlbəttə, milli komandanın forması altında ölkəni təmsil edirsən, bayrağını ucaldırsan. Burada ab-hava tam fərqli olur. Amma məsuliyyətə gəldikdə, harada oynamağından asılı olmayaraq, uğur qazanmaq üçün əlindən gələni əsirgəməməlisən”.

Cavad yığmaya dəvət aldığına görə “ulduz xəstəliyi”nə tutulmadığını deyib: “Baş məşqçi Joze Alesionun dəvətindən sonra mənə münasibət məni dəyişmədiyi kimi, ətrafımı da dəyişməyib. Təbii ki, ailəmin, yaxınlarımın, klubumuzdakı oyunçu yoldaşlarımın sevinci çox böyükdür və dəstəklərini hiss edirəm. Buna görə, hər birinə dərin təşəkkürümü bildirirəm. Nə etmişik ki, “ulduz xəstəliyinə” də tutulaq?”

O, millinin seçmə mərhələdəki çıxışını isə belə qiymətləndirib: “Komandamızın ümumi çıxışını sadəcə mükəmməl hesab edə bilərəm. Çünki hər bir görüşdə sona kimi mübarizə aparmağımız və özünəinamımız qrupda lider olmağımızla nəticələndi. İnanıram ki, bu uğurun davamını Niderlandda da gətirəcəyik. Əslində, start bir qədər çətin oldu. Həm rəqibimiz güclü idi, həm də 10 aydan çox idi zalda məşq etmir, oyun keçirmirdik. Bunlar idmançının çıxışına ciddi təsir edən məqamlardır”.

Futzalçı sonra Azərbaycan Silahlı Qüvvələrinin qazandığı tarixi zəfərə də toxunub: “İkinci Qarabağ müharibəsində qazanılan qələbə münasibətilə xalqımızı təbrik etmək istəyirəm. Bu şanlı tarixi heç vaxt unutmayacağıq və daim dilimizdə əzbər olacaq. Allah şəhidlərimizə rəhmət eləsin, sağlamlığını itirmiş insanlarımıza şəfa versin. Bu zəfər yürüşündə iştirak edən qardaşımın timsalında əməyi olan hər bir şəxsin qarşısında baş əyirəm. Xalqımız bu cür zəfərlərə layiqdir”.