12:52 29-04-2021
news_image

Beynəlxalq turnirdə uğurlu nəticə - FHN-in karateçilərindən

Belarusun paytaxtı Minskdə Dünya Karate Federasiyasının təşkilatçılığı ilə yeniyetmə və gənclər arasında “Unmei Cup” beynəlxalq turniri keçirilib.

Apasport.az sautının məlumatına görə, turnirdə 7 ölkədən 450-dən çox idmançı mübarizə aparıb. 

Yarışda FHN-in İdman-Sağlamlıq Klubunun karate komandasının 3 idmançısı, beynəlxalq və respublika əhəmiyyətli yarışların qalibi olmuş Nicat Kərimli, Nihad Kərimzadə və Xəyal Məmmədov da iştirak edib. Onlardan komanda mübarizəsində Kərimli 61 kq çəki dərəcəsində kumite yarışlarında bütün rəqiblərinə qalib gələrək qızıl medal və şəxsi yarışlarda isə gümüş medal qazanıb. Digər idmançımız Nihad Kərimzadə 70 kq çəki dərəcəsində şəxsi yarışlarda 2-ci yer tutaraq gümüş medalla kifayətlənib.

İdmançıların ilk məşqçiləri əməkdar məşqçilər və 6-cı dan qara kəmər sahibləri Akif Kərimov və Rafael Məmmədov, hazırki şəxsi məşqçiləri isə əməkdar idman ustası, əməkdar məşqçi, 2 qat dünya çempionu, 8-ci dan qara kəmər sahibi, Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayevdir.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi polkovnik Füzuli Musayev beynəlxalq turnirdə iştirak etmiş idmançılarla görüşərək onları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, idmançıların hər üçü Azərbaycan yığmasının üzvləridirlər.

Karateçilərimiz iyunda Kiprdə keçiriləcək Dünya Karate Federasiyasının rəsmi yarışlarından olan Gənclər Liqası turnirində də iştirak edəcəklər.