23:53 29-04-2021
news_image
204
FUTBOL

“Sumqayıt” “Qarabağ”a qalib gəlibsə, bu, onların gücünün göstəricisidir” - Qurbanov

“İlk oyunda evdə məğlub olsaq da, bu, bizə yaxşı təsir etmişdi”.

Apasport.az saytının məlumatına görə, bunu “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsində “Zirə”yə qarşı keçirilən cavab görüşü barədə danışarkən deyib.

Evdə uduzmasına (1:2) baxmayaraq, səfərdə 3:2 hesablı qələbə qazanan “Keşlə” məhz səfərdə çox qol vurduğu üçün finala yüksəlib.

İki il əvvəl “Qəbələ”yə kuboku qazandıran Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında fikrini bu sözlərlə davam etdirib: “İlk matçda futbolçular çatışmazlıqları gördülər. Bu gün də meydanda böyük xarakter nümayiş etdirdilər, sona qədər inamı itirmədilər. Bunu çox yaxşı qiymətləndirirəm. Oyunçularımız ilk dəqiqədən matça köklənə bildilər. Stressli oyun olsa da, üstün tərəf biz idik. Layiqli qələbə qazandıq. Bütün bu uğur futbolçuların zəhmətinin bəhrəsidir. Bizsiz də birləşdilər, söhbətlərini davam etdirdilər, sözü bir yerə qoydular”.

Baş məşqçi finaldakı rəqibin “Qarabağ” deyil, “Sumqayıt” olmasının onlara heç bir üstünlük qazandırmadığını vurğulayıb: “Finala yüksəlmək böyük şərəfdir. Bu gün futbolçularımız bunu bacardılar. İstənilən halda “Sumqayıt” da öz gücünü göstərməkdədir. Asan final olmur. Hamı final ab-havasını hiss edəcək. Daha çox istəyən, doğru oynayan qalib gələcək. Əlbəttə, “Qarabağ” yaxşı komandadır. Ancaq bu gün “Sumqayıt” qalib gəlibsə, bu, onların da gücünün göstəricisidir”.

Qurbanov qarşılaşmadan əvvəl klub prezidenti Zaur Axundovun mükafat vəd verməsi ilə bağlı yayılan xəbərlərə də aydınlıq gətirib: “Zaur müəllim həmişə komandanın yanındadır, onun dəstəyini daim hiss edirik. Yəqin ki, mükafat olacaq. Çünki uşaqlar bu qədər əziyyət çəkdilər, finala vəsiqə qazandılar. Prezidentimiz bu günə kimi necə dayaq durubsa, yenə davam edəcək. “Keşlə” bu il çempionatda istədiyinə nail olmadı, məşqçi dəyişikliyi baş verdi. Klubun məqsədi avrokuboklara vəsiqə qazanmaq olub. İndi belə bir imkanımız yaranıb. Titul qazanmaq hər zaman xoşdur. “Keşlə” bu uğuru qazanıb, nə demək olduğunu bilir. Mövsümü titulla başa vurmaq böyük uğur olar. Mən də bir baş məşqçi kimi üzərimə düşəni yüksək səviyyədə görməyə çalışacağam”.