10:47 30-04-2021
news_image
2212
FUTBOL

“Zirə” - “Keşlə” oyunundan sonra hakim döyülüb - EKSKLÜZİV

Azərbaycan kubokunun yarımfinal mərhələsinin “Zirə” ilə “Keşlə” arasında keçirilən cavab oyunundan sonra xoşagəlməz hadisə baş verib.

Apasport.az saytının əldə etdiyi məlumata görə, matçın yan xətt hakimi Pərvin Talıbov qarşılaşmadan sonra koridorda bir neçə nəfər tərəfindən hücuma məruz qalaraq döyülüb.

Məlumatı dəqiqləşdirmək üçün Talıbovun özü ilə əlaqə saxladıq. Hadisənin baş verdiyini təsdiqləyən laysman ona hücum çəkənləri tanımadığını söyləyib: “Hər oyundan sonra tuneldə futbolçulara nəzarət etmək hakimin görəcəyi işdir. Mən də orada durmuşdum ki, oyunçular arasında hər hansı bir xoşagəlməz hadisə yaşansa, baş hakimi məlumatlandırım. Öz yerimi tutub stadiona baxırdım. Elə o anda arxadan 4-5 nəfər üstümə cumub təpik vurmağa başladılar, nalayiq söyüşlər işlətdilər. Mən də yalnız özümü müdafiə etməyə çalışdım. Amma onlar nə futbolçu, nə də məşqçilər idi. Tanımadığım şəxslər idi. Bilmirəm, bəlkə də, “Zirə”nin azarkeşləri olub. Sağ olsun, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, hadisəni görən kimi, qaçaraq bizə tərəf yaxınlaşdı, onların üstünə qışqırdı ki, siz kimsiz bura girmisiz, nə edirsiz?”

Pərvin Talıbov hadisə nəticəsində ciddi xəsarət almadığını deyib və şikayət etməyəcəyini vurğulayıb: “Təkcə əlim qapının arasında qaldı. O da ciddi problem deyil, heç bir xəsarət almamışam. Heç bir şikayətim, narahatlığım yoxdur. Oyunda belə şeylər baş verə bilər. Nə komandalardan, nə rəhbərliklərindən şikayətim var. Sadəcə, nəzərə alsınlar ki, biz də gördüyümüz şeylərə qərar veririk”.

Qarşılaşmanın 90-cı dəqiqəsində baş hakim Elçin Məsiyev gözlənilmədən “Zirə”nin qapısına penaltini məhz Talıbovun məsləhətindən sonra verib. O, meydan sahiblərinin futbolçusu Lazar Corceviçin belə hərəkət edəcəyini öncədən hiss etdiyini söyləyib: “Hansısa klubun haqqına girməyi istəmərəm. Bu, bizə yaraşacaq hərəkət deyil. Çünki futbolçular da meydanda əziyyət çəkirlər. O ki qaldı həmin epizoda, bu hal son dəqiqələrdə 2-3 dəfə təkrarlandı. “Zirə”nin 44 (Dmitrios Çantakias) və 12 (Lazar Corceviç) nömrəli futbolçuları “Keşlə”nin həmin hücumçusuna qarşı aqressiv rəftar edirdilər. Sadəcə, həmin epizodları açıq görə bilmirdim. Onlarla danışaraq sakitləşdirməyə çalışırdım. Deyirdim ki, sakit olun, problem yaratmayın, bu aqressivliyiniz penaltiyə səbəb ola bilər. Hətta baş hakimə də məlumat verdim ki, bu iki futbolçuya şifahi xəbərdarlıq eləsin. Artıq onların nəsə edəcəyini hiss edirdim, bu üzdən həmin futbolçulara fokuslanmışdım. Müdafiəçi də rəqibin oyunçusunu yumruqla vurduğu üçün dərhal baş hakimə məlumat verdim”.

Qeyd edək ki, ilk oyunda öz meydanında (1:2) məğlub olmasına baxmayaraq, cavab görüşündə 3:2 hesablı qələbə qazanan “Keşlə” səfərdə daha çox qol vurduğu üçün finala yüksəlib. Sənan Qurbanovun komandası mayın 24-də həlledici görüşdə “Sumqayıt”la qarşılaşacaq.