12:42 30-04-2021
news_image
1258
FUTBOL

“Elçin Məsiyev orada durmaqla qalmaqala səbəb oldu” - Xaqani Məmmədov

“Penalti və qırmızı vərəqə qərarı tam doğrudur. Lazar Corceviç arxadan yumruqla zərbə vurur”.

Bunu apasport.az saytına AFFA Hakimlər Komitəsinin sabiq sədri Xaqani Məmmədov Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən “Zirə” – “Keşlə” matçının son dəqiqələrində meydan sahiblərinin qapısına təyin edilən penalti epizodu barədə danışarkən deyib.

Məmmədov həmin vaxt baş hakim Elçin Məsiyevin laysmanla danışdıqdan dərhal sonra qərarını verməməsini və onun yanında qalmasını yanlış addım hesab edib: “Epizod 84-cü dəqiqədə baş verir. Laysman çağırır, baş hakim onun yanına gedir. Yan xətt hakiminin sözlərindən sonra meydana qayıdıb, penalti nöqtəsini göstərməlisən. Amma baş hakim Elçin Məsiyev düz 5 dəqiqə orada qalıb, kiminləsə mikrofonla danışdı. “Zirə”nin məşqçilərini və futbolçularını qıcıqlandıran da elə bu hərəkət oldu. Əgər köməkçi fikrini deyirsə, daha kiminlə məsləhətləşirsən? Dördüncü hakim və laysman yanındadır. Əks tərəfdəki köməkçinin o epizodu görməyi çox çətindir. Elçin Məsiyev orada durmaqla qalmaqala səbəb oldu, “Zirə”nin məşqçilərini, futbolçularını yığdı başına. Gərginlik artdığı üçün də qırmızı, sarı vərəqələri verməyə başladı. Əgər baş hakim vaxtında qərarını versəydi, Rəşad Sadıqov qovulmaya, digərləri sarı vərəqə almaya bilərdi. Mənim üçün müəmmalı qalan Elçin Məsiyevin mikrofonla kiminlə danışması oldu”.

AFFA Hakimlər Komitəsinin keçmiş rəhbəri baş hakimin idarəçiliyinin də aşağı olduğu qənaətindədir: “Elçin Məsiyev oyunu elə də yaxşı idarə eləmədi. Ən əsası qaydaların yozumunda və tətbiqində problemlər var idi. Analoji epizodlarda bir komandaya sarı vərəqə göstərirdi, digərinə yox. Bəzi hallarda cərimə zərbəsi təyin etmədi”.

O, yan xətt hakimi Pərvin Talıbovun saytımıza açıqlamasında Lazar Corceviçin belə hərəkət edə biləcəyindən şübhələndiyi üçün “Zirə”nin müdafiəçisini diqqətdə saxladığını deməsini düzgün hesab etmir: “Əslində futbolçunu güdmək yaxşı hal deyil. Amma penalti epizodunu “tutduğu” üçün yan xətt hakiminə əhsən düşür. Fikir versəniz görərsiniz ki, həmin epizodda baş hakim də hadisə baş verən yerə baxırdı. Görünür, əmin deyildi, köməkçisi dedikdən sonra qərar verdi”.

Xaqani Məmmədov matçdan sonra laysmanın döyülməsinə də toxunub. O, belə davam edərsə, bu kimi halların artacağını proqnozlaşdırıb: “Çempionat gərginləşdikcə, hakimlərin də səviyyəsi ortaya çıxır. 1-2 komanda iddialı olsa, ümumiyyətlə, hakimlər özlərini təmiz itirərlər. Premyer Liqada “Neftçi”nin bir balaca çempionluq uğrunda mübarizə aparması gərginliyə səbəb olur, bu da hakim səhvlərini artırır. Dünənki oyun Elçin Məsiyevlik deyildi. Həmin görüşü ya İnqilab Məmmədov, ya da Rauf Cabarov idarə etməli idi. Nə olsun ki, onu FİFA hakimi etdiriblər. Məsiyev belə matçlar üçün hələ “bişməyib”.

Qeyd edək ki, “Zirə” – “Keşlə” oyunu 2:3 hesabı ilə başa çatıb. İlk görüşdə (1:2) məğlub olan ikincilər səfər qolları sayəsində finala yüksəlib.