15:28 30-04-2021
news_image
413
FUTBOL

Rəşad Sadıqova yaramayan hərəkət və ya mikrofonun o biri başındakı kim idi?

Mövsüm sona yaxınlaşdıqca gərginliyin artması, qalmaqalların yaranması şəxsən mənim ürəyimcədir. Ona görə yox ki, dava-dalaş xəstəsiyəm. Sadəcə, futbol bunlarla da gözəldir. Xüsusən də, xaricdə keyfiyyətli oyundan danışıldığı bir vaxtda Azərbaycanda bu idman növünün varlığını ancaq hakim səhvləri, məşqçi etirazları, rəsmilərin bir-birilərinə söz atmaları sayəsində sübut eləmək mümkündür.

“Sabah” – “Neftçi” oyunu ətrafında müzakirələr bitməmiş “Zirə” – “Keşlə” matçında yaşananlar futbolumuzu gündəmdən düşməyə qoymadı. Onsuz da, son illər düz-əməlli rəqabət olmadığından, komandalar dostca, qardaşca mövsümü başa vururlar, bir-birilərinə uğurlar arzulayaraq, əl-ələ verib öz yerlərini tuturlar. İllərdir hər kəs “Neftçi” – “Xəzər Lənkəran”, “Bakı” – “Xəzər Lənkəran” görüşlərindən, onlardan əvvəl və sonra yaşananlardan danışır. Çox adam, bəlkə də, həmin mövsümlərdə kimin çempion olduğunu xatırlamır. Hələ də hamı o gərginlik üçün darıxır.

Dünənki “Zirə” – “Keşlə” görüşünü də gündəmə gətirən bu gərginlik oldu. Yoxsa nə göstərilən oyun, nə “Keşlə”nin geridönüşü xatırlanacaq. Acı reallıqdır, ancaq futbolumuzun səviyyəsi bu kimi şeyləri tələb edir.

O ki qaldı hakimliyə, “Sabah” – “Neftçi” oyununda referi hamının gördüyünü görmədisə, bu dəfə heç kimin görmədiyini “tuta” bildilər. Baş məşqçi Rəşad Sadıqovun aqressiv reaksiyasını başa düşmək olar. Çünki epizod o qədər sürətli və gizli baş verdi ki, nə tribunalardan, nə də televiziya qarşısında sezmək, demək olar mümkün deyildi. Ancaq Sadıqov yəqin ki, epizoda artıq baxıb, o boyda qışqır-bağırı nahaq yerə saldığını başa düşür. Hərçənd onun bu aqressivliyi köməkçilərinə də, futbolçularına da sirayət elədi. Üstəlik, yeni mövsümə qalası olsa da, indi bir neçə oyunluq diskvalifikasiya ilə üzləşəcək. 

Məncə, Sadıqov hədəf kimi hakimi seçməkdənsə, futbolçusuna rinqə yox, meydana çıxdığını başa salsa, daha faydalı olar. “Neftçi” ilə çempionat matçında kobud səhvlə komandasının darmadağının təməlini qoyan Lazar Corceviç bir gərəksiz, həvəskar hərəkətlə “Zirə”ni kubokdan da məhrum elədi. Anatole Abanqın əvvəlcə qollarına sillə vuran serbiyalı müdafiəçi hirsi soyumur, bir yumruq da “ilişdirir”. Onun bu davranışının yaratdığı fəsadlar, “Zirə”ni, bəlkə də, Premyer Liqada bürünc medalsız da qoyacaq.

Baş hakim Elçin Məsiyevin laysmanın qərarını soruşduqdan sonra uzun müddət onun yanında qalması, mikrofonla uzun-uzadı danışması da böyük müəmmadır. Hər halda dördüncü hakim yaxınlığında idi, digər köməkçinin isə epizodu o uzaqlıqdan görüb qiymətləndirməsi mümkün deyildi. Maraqlıdır, görəsən Məsiyev kimlə məsləhətləşirdi və ya kimdən göstəriş alırdı? Olmaya mikrofonun digər tərəfində Hakimlər və Hakim İnspektorlar Komitəsinin sədri Frits Ştuxlik idi? VAR da yoxdur ki, o otaqda oturanlarla danışsın. Hər halda Ştuxlikin bu qaranlıq məsələyə aydınlıq gətirməsini istərdim.

Futbolumuz, onsuz da, illərdir yerində sayır. Əvvəllər ən azı təzyiqlər, gərginliklər, müəyyən rəqabət bunu ört-basdır edirdi. Məncə, klublarımız futbolumuzun yenidən unudulmasını istəmirlərsə, çempionatın son 4 turunda da bu yolda davam eləsinlər. Meydanda düz-əməlli mübarizə görməyən azarkeşlər heç olmasa bundan danışarlar.

Ruslan Sadıqov