11:45 01-05-2021
news_image
257
FUTBOL

“Kim olursan-ol, səni “öldürərəm” – Gerye “Qarabağ”ı xatırladı

Yunanıstanın “Apollon” klubunun müdafiəçisi Vild-Donald Gerye yerli mətbuata müsahibəsində “Qarabağ”dakı dönəmi xatırlayıb.

Apasport.az saytının məlumatına görə, “Apollo” jurnalına danışan haitili cinah oyunçusu Ağdam klubunda olarkən Çempionlar Liqasında və Avropa Liqasında qarşılaşdığı rəqiblərdən danışıb.

O, Avropa Liqasının qrup mərhələsində “Sportinq”lə görüş zamanı Luiş Naniyə necə çətinliklər yaratdığını söyləyib: “Liderin zehniyyəti danışmaq deyil, onu meydanda göstərməkdir. Özümü meydanda tapanda kim olursan-ol, səni “öldürərəm”. Məsələn, “Qarabağ”da oynadığım zaman “Sportinq”lə matçda Luiş Nani sol cinahda Maksim Medvedevə istədiyini etdi. Cinahını dəyişərək mənə tərəf gələndə, nə edəcəyini bilmirdi. Onu çox yaxşı zərərsizləşdirdim, ikili mübarizələrdə qalib gəldim. Oyundan sonra isə instaqram vasitəsilə mənə təbrik mesajı yazdı”.

Gerye “Sportinq”in digər oyunçusu Rafinya ilə bağlı baş məşqçi Qurban Qurbanovla duelini də xatırlayıb, eyni zamanda Çempionlar Liqasının qrupunda “Çelsi” ilə matçda Eden Azarı saxlaya bilmədiyini söyləyib: “Bir oyunda məni “öldürən” oyunçudan bəhs etməli olsam, bu, Azardır. Onu heç cür saxlaya bilmədim. Ancaq “Sportinq”lə matçdan bir həftə əvvəl baş məşqçimiz “Rafinyaya diqqət yetirin, çox sürətlidir", dedi. Ona Rafinyanı tanıdığımı söylədim və oyundan sonra onu cibimə qoymuşdum (gülür). Məşqçimiz Migel Luis haqda da mənə bənzər şeylər demişdi, güclü olduğunu və onunla maraqlanmalı olduğumu vurğulamışdı. Ondan “məşqçi, Messidir” deyə soruşdum və “yox, amma yaxşıdır”, cavabını aldım. Bildirdim ki, narahat olma, hər şey yaxşı olacaq. Luisin oyunda mənə qarşı nəsə etdiyini xatırlamıram”.

Qeyd edək ki, Vild-Donald Gerye 2017-2019 və 2020-ci ilin 6 ayını ölkəmizdə “Qarabağ”ın, 2019-20 mövsümündə isə “Neftçi”nin formasını geyinib.