22:48 01-05-2021
news_image
297
FUTBOL

“Uduzu sönənlər” - ADLAR

“Çelsi” Roman Abramoviçin klubun səhmlərini aldıqdan bəri transferlərə astronomik məbləğlər xərcləməkdən çəkinmir.

Apasport.az saytının məlumatına görə, London klubu, xüsusən də, hücumçu keçidləri üçün hər il böyük pullar xərcləyib.

Son olaraq ötən ilin yayında “Leypsiq”dən böyük ümidlərlə Timo Verner heyətə cəlb edilib. Lakin almaniyalı başa çatmaq üzrə olan mövsümün fiasko transferləri sırasına düşüb. Vernerə qədər də “zadəganlar”ın astronomik məbləğə transfer etdiyi, lakin ümidləri doğrultmayan bir neçə məşhur hücumçu olub.

Bu yazıda “Çelsi”də “uduzu sönənlər”ə göz gəzdirəcəyik:

Alvaro Morata
“Yuventus”da və ehtiyatdan meydanda daxil olaraq “Real” üçün bir neçə kritik qollar vuran Morata 2017-ci ildə rekord məbləğə “Çelsi”yə keçib. İspaniyalı forvard il yarım ərzində 72 matça çıxıb, 24 qolla kifayətlənib. Morata hazırda “Yuventus”un formasını geyinir.

Timo Verner
“Leypsiq”dəki performansı sayəsində almanların yeni qolçusu adını alan Verner mövsümün əvvəlində transfer olunduğu “Çelsi”də vurduğu qoldan çox, qaçırdığı şanslarla gündəmdədir. 25 yaşlı forvard cari mövsüm keçirdiyi 45 qarşılaşmaya cəmi 11 qol sığdıra bilib.

Ernan Krespo
Argentinalının “Çelsi” karyerası digərlərinə baxanda şükürlü keçib. 2003/04 mövsümündə liqada 10 qol vuran futbolçu növbəti mövsüm Didye Droqbanın transferi səbəbindən “Milan”a icarəyə verilib. “Rossonyerlər”də 17 qolla diqqət çəkən Krespo yenidən geri dönüb, yenə mövsümdə 10 qolla kifayətlənib. Növbəti mövsüm bu dəfə “İnter”ə icarəyə verilib, “neradzurra”nın heyətində də 20 dəfə fərqlənib. İtaliyadakı bu uğurlu çıxışının ardından İngiltərəyə qayıtmayıb.

Matey Kejman
“Çelsi” “ulduz söndürmə” ənənəsini məhz Kejmana qoyub. PSV-dəki 122 görüşdə 105 qol vuran serbiyalı “zadəganlar”la keçirdiyi bir mövsümdə cəmi 4 dəfə fərqlənib. Kejman bundan sonra bir daha keçmiş günlərinə qayıda bilməyib.

Andrey Şevçenko
Şevçenkonun karyerasında eniş məhz “Çelsi”yə keçdikdən sonra başlayıb. 2005-ci ildə 73 milyon avroya “yox” deyən “Milan” bir il sonra 44 milyona qolçusunu Londona göndərib. Həmin vaxt o, klubun ən bahalı transferi sayılırdı. Onun “Çelsi”yə keçidini əsl fiasko saymaq olar.

Fernando Torres
Premyer Liqa tarixinin ən bahalı futbolçusu kimi “Liverpul”dan “Çelsi”yə keçən Torres, bəlkə də, karyerasının ən böyük səhvini edib. “Qırmızılar”da qolları sıralayan ispaniyalı London təmsilçisində qaçırdığı şanslarla azarkeşlərin əsəbləri ilə “oynayıb”. Bundan sonra karyerası bir daha əvvəlki kimi olmayıb.