10:18 03-05-2021
news_image
548
FUTBOL

“Azərbaycanda futbol daha peşəkardır” - Höccət Haqverdi

“Komandanın yaxşı şəraiti var və liqada üçüncü yerdəyik. Mövsümün sonuna 4 oyun qalıb. Bu pillədə qalsaq, Avropa Liqasına vəsiqə qazanacağıq. Ölkə kubokunda isə güclü “Qarabağ”ı məğlub edərək, finala yüksəldik”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın müdafiəçisi Höccət Haqverdi deyib.

Ölkəsi İran mətbuatına açıqlama verən 28 yaşlı mərkəz müdafiəçisi “Sumqayıt”da qalıb-qalmayacağını müəyyənləşdirmədiyini söyləyib: “Hələ qərarımı verməmişəm, bütün diqqətim növbəti oyunlardadır. İranda olanda məqsədim daha yaxşı liqaya getmək idi və indi addım-addım irəliləyirəm. İndiyə qədər hər şey qaydasındadır və növbəti mövsüm üçün məni irəli aparacaq ən yaxşı qərarı verməyə çalışıram. İrandan və xaricdən təkliflərim var, vəziyyətin necə olacağını görməliyəm”.

Haqverdi “Persepolis”dən təklif gələrsə, cavabınız nə olar” sualını isə belə cavablandırıb: “Persepolis”in təklifi digərlərindən fərqli olar. Bu komandanı bəyənirəm, amma xüsusi bir şey hələ baş verməyib. Mövsüm sonunda təklifləri nəzərdən keçirəcəyəm. İndi yalnız qarşıdakı matçları düşünürəm”.

Futbolçu Azərbaycan və İran futbolunu da müqayisə edib. O, ölkəsindəki yeganə üstünlüyün fiziki güc olduğunu bildirib: “İran futbolu fiziki cəhətdən daha yaxşıdır. Bu da İrandakı stadionların ot örtüyünün pis olmasından qaynaqlanır. Buna görə komandalar əsasən fiziki gücə üstünlük verirlər. Azərbaycanda futbol taktiki cəhətdən daha yaxşı və intizamlıdır. Komandalar yaradıcı futbol oynamağa çalışır. Azərbaycan Premyer Liqasında daha keyfiyyətli əcnəbi futbolçular var. Ümumiyyətlə, bu ölkədə futbol daha inkişaf etmiş və peşəkardır”.

Qeyd edək ki, Höccət Haqverdinin “Sumqayıt”la müqavilə müddəti mövsümün sonuna qədərdir.