13:18 03-05-2021
news_image
162
FUTBOL

“İnter”in finalçıları - son 10 mundialda

Gələn il Qətərdə keçiriləcək dünya çempionatında gözlər həmin vaxt “İnter”in futbolçusu kimi mundiala yollanacaq futbolçulara yönələcək.

Apasport.az saytının məlumatına görə, buna səbəb “neradzurra” üzvlərinin 1982-ci ildən bəri baş tutan 10 mundialın hamısında ən azı bir futbolçusu finalda meydanda olub.

Həmin oyunçulara göz gəzdirək:

DÇ-1982
İtaliyanın çempion olduğu 1982-ci ildəki dünya çempionatının final matçına “Skuadra Adzurra” “İnter”dən Cüzeppe Berqomi və Qabriele Orialinin yer aldığı “11-lik”lə çıxıb. Qarşılaşmanın 7-ci dəqiqəsində zədələnən Françesko Qratsianinin yerinə Alessandro Altobellinin də meydana daxil olması ilə İtaliya 3 “İnter”li ilə mübarizə aparıb.

DÇ-1986
Meksikada təşkil olunan mundialın qalibi Argentina finalda Qərbi Almaniyaya 3:2 hesabı ilə qalib gəlib. Həlledici görüşdə “İnter”li kimi iştirak edən yeganə futbolçu əfsanəvi almaniyalı Karl-Haynz Rummenigge olub. 90 dəqiqə meydanda qalan “neradzurra”nın kapitanı 74-cü dəqiqədə qol vursa da, komandasının məğlubiyyətinə mane ola bilməyib.

DÇ-1990
İtaliyanın ev sahibi olduğu DÇ-1990-nı qazanan Qərbi Almaniya finalda Argentinanı üstələyərək, dörd il əvvəlin revanşını alıb. 85-ci dəqiqədə penaltidən vurduğu qolla almanlara çempionluğu qazandıran Andreas Breme “İnter”in üzvü idi. Lotar Matteus və Yurgen Klinsmann da həmin vaxt Milan klubunun şərəfini qoruyurdu. Adıçəkilən oyunçuların hər üçü finalda 90 dəqiqə meydanda olub.

DÇ-1994
Mundiallar tarixinin ən drammatik finallarından olan ABŞ-dakı yarışı Braziliya qazanıb. 120 dəqiqədə qapılara qol vurulmayıb, penaltilər seriyasında dəqiq olan “sambaçılar” kuboka sahib çıxıblar. Qarşılaşmada iştirak edən yeganə “İnter”li Nikola Berti başdan sona qədər İtaliya yığmasının heyətində mübarizə aparıb.

DÇ-1998
Fransa doğma arenasındakı həlledici görüşdə Braziliyanı 3:0 hesabı ilə məğlub edərək, tarixinin ilk çempionluğunu qazanıb. Hər iki komandada “İnter”in oyunçusu var idi. Məğlub tərəfdə Ronaldo 90 dəqiqə, fransızlarda isə Yuri Corkayeff 74 dəqiqə çıxış edib.

DÇ-2002
Cənubi Koreya və Yaponiyanın birgə ev sahibliyi etdiyi turnidə finişə birinci çatan Braziliya 5-ci dəfə kuboku vətənə aparıb. Finalda çıxış edən yeganə “İnter”li Ronaldo idi. “Yekədiş” dubla imza ataraq Almaniya üzərində qazanılan 2:0 hesablı qələbənin memarı olub.

DÇ-2006
Almaniyadakı dünya çempionatının qalibini penaltilər seriyası müəyyənləşdirib. 1:1 hesabı ilə nəticələnən finalın penaltilər seriyasında Fransadan dəqiq olan İtaliya 4-cü dəfə dünyanın ən güclüsü adına yiyələnib. “İnter”in meydanda yer alan yeganə futbolçusu Marko Materatsi həlledici sima olub. 19-cu dəqiqədə hesabı açan müdafiəçi 110-cu dəqiqədə Zinəddin Zidanın baş zərbəsindən sonra rəqibin meydanda azlıqda qalmasına səbəb olub.

DÇ-2010
İspaniya ilə Niderlandın finalda üz-üzə gəldiyi CAR-dakı mundialın müqəddəratını Andres İnyestanın 116-cı dəqiqədə vurduğu yeganə qol həll edib. İspanların ilk çempionluğu qazandıqları turnirin finalında rəqibin heyətində çıxış edən Uesli Sneyder “İnter”in aparıcı simalarından idi. 120 dəqiqə meydanda qalan yarımmüdafiəçi matçda vərəqə almayan azsaylı niderlandlı futbolçulardan olub.

DÇ-2014
Braziliyada təşkil olunan yarışı çempion kimi tamamlayan Almaniya finalda Argentinadan güclü olub. Hər iki komandanın start heyətində “İnter”li oyunçu olmayıb. Lakin 78-ci dəqiqədə meydanda daxil olan Rodriqo Palasio “neradzurra” üzvlərinin seriyasını davam etdirib. Argentinalılar Palasiodan fərqli Uqo Kampanyaro və Riki Alvaresi ehtiyatda saxlayıb.

DÇ-2018
Rusiyadakı son dünya çempionatının həlledici qarşılaşmasında Fransa Xorvatiyanı 4:2 hesabı ilə məğlub edib. Xorvatların qollarından birinə həmin vaxt “İnter” forması geyinən İvan Perişiç imza atıb. Onunla yanaşı, digər “İnter”li Marselo Brozoviç də meydanda olub.