15:58 09-05-2021
news_image
369
FUTBOL

İki fərqli klubla çempion olan məşqçilər – A seriyasında

İtaliya A seriyasında sona 4 tur qalmış “İnter” çempionluğunu elan edib.

Apasport.az saytının məlumatına görə, “neradzurra”nın çalışdırıcısı Antonio Konte 4-cü dəfə “Skudetto”nu qazanıb. O bunu iki fərqli klubda bacarıb.

Bu yazıda da A seriyasını iki fərqli kluba qazanan çalışdırıcıları xatırlayacağıq.

Toni Karnyelli: “Torino”, “İnter”
A seriyası 1929-cu ildən təşkil olunsa da, İtaliyada liqa matçları ilk dəfə 1898-ci ildə keçirilib. Avstriyalı mütəxəssis 1927/28 mövsümündə “Torino”nu zirvəyə daşıyıb. Eyni uğuru A seriyasında da “İnter”də (1939/40) təkrarladı.

Arpad Veyş: “İnter”, “Bolonya”
Veyş A seriyasının ilk çempionu, birinci qalib əcnəbi məşqçisi, həmçinin iki fərqli klubla qızıl medal qazanan birinci məşqçidir. 1929/30 mövsümündə “İnter”ə titul qazandıran məşqçi ardından “Yuventus”un ardıcıl 5 çempionluq seriyasına “Bolonya”nın sükanı arxasında son qoyub. Üstəlik, bu klubla iki dəfə çempion olub. 1944-cü ildə nasistlər tərəfindən yaxalanan macar çalışdırıcı Auşvitz həbs düşərgəsində öldürülüb.

Fulvio Bernardini: “Fiorentina”, “Bolonya”
İtaliya futbolunun ən yaxşı futbolçuları və məşqçiləri sırasında göstərilən Bernardini “Roma”da məşhurlaşıb, amma orada çempionluq əldə etməyib. 1955/56 mövsümündə “Fiorentina”ya çempionluq bəxş edən çalışdırıcı bu nailiyyətini 1963/6 mövsümündə “Bolonya”da təkrarlayıb.

Nils Lidholm: “Milan”, “Roma”
Futbolçu ikən “Milan” forması altında gözəl oyunlar sərgiləyən Lidholm 4 fərqli dönəmdə “Roma”nı, 3 dəfə isə “Milan”ı çalışdırıb. İsveçli mütəxəssis çempionluq zəfərini karyerasının son illərində qazanıb.

Covanni Trapattoni: “Yuventus”, “İnter”
Trapattoni A seriyası tarixinin ən uğurlu məşqçisidir. 7 dəfə kuboku qazanan çalışdırıcı bunun 6-da “Yuventus”un sükanı arxasında olub. Ümumilikdə “Yuve”də olarkən 10 mövsümdə 6 dəfə çempionluq sevinci yaşayan Trapattoni 1988/89 mövsümündə də “İnter”i zirvəyə daşıyıb.

Fabio Kapello: “Milan”, “Roma”
O da adını A seriyası tarixinə qızıl hərflərlə yazdırıb. Təsadüfi deyil ki, “Milan”ın əfsanəvi heyətinə 5 mövsümdə 4 çempionluq qazandırıb. Kapello son çempionluğuna 2000/2001 mövsümündə “Roma”da nail olub.

Massimiliano Alleqri: “Milan”, “Yuventus”
Alleqri “Milan”ın 7 mövsüm çempionluq həsrətinə son qoyub. Maraqlıdır ki, “rossonyerlər” ondan sonra bu titular yenidən həsrət qalıb. “Yuventus” Alleqri ilə 5 dəfə A seriyasının qalibi olub. Uğurlarına baxmayaraq, təcrübəli mütəxəssis son iki ildə heç bir klubla anlaşmayıb.

Antonio Konte: “Yuventus”, “İnter”
Konte 2012-ci ildə “Yuventus”u çempion edərək, bir dövrün başlanğıcını qoyub. Amma həmin seriyanı “İnter”in baş məşqçisi kimi qırıb. Kontenin ilk zəfərindən sonra ardıcıl 9 mövsüm çempionluğa qovuşan “Yuve” bu mövsüm məhz onunla mübarizədən məğlub ayrılıb.