16:56 05-05-2021
news_image

"Böyük dəbilqə": İlk gündə medal olmadı – YENİLƏNİB

Bu gün Rusiyanın Kazan şəhərində cüdo üzrə “Böyük dəbilqə” turnirinə start verilib.

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə Azərbaycan millisinin 5 cüdoçusu tatami üzərinə çıxıb. Onlardan heç biri mükafatçılar sırasına düşə bilməyib. 

Kişilər
60 kq

Davud Məmmədsoy 1/16 finaldan mübarizəyə başlayıb. Startda rusiyalı Albert Oğuzovla qarşılaşan həmyerlimiz qələbə qazanıb. O, 1/8 finalda David Pulkrabeki (Çexiya) sınağa çəkib və məğlubiyyətə üzülüb. 

66 kq
1/32 finaldan yarışa start verən Elçin Hüseynovun rəqibi Karmine Maria Di Loreto (İtaliya) olub. Təmsilçimiz qalib gələrək mərhələ adlayıb. Hüseynov 1/16 finalda qazaxıstanlı Yerlan Serikjanovla münasibətinə aydınlıq gətirib və tatamidən qalib ayrılıb. O, 1/8 finalda Xuan Postiqosla (Peru) qarşılaşıb. Uğurlu seriyasını davam etdirən Elçin bu dueli də qazanıb. Cüdoçumuz 1/4 finalda rusiyalı Murad Çopanovla üz-üzə gəlib. Təəssüf ki, bu dəfə rəqib güclü olub. 

Hüseynov təsəlliverici görüşdə digər rusiyalı, erməni əsilli Aram Qriqoryanla mübarizə aparıb. Bürünc medal uğrunda döyüşə rəqib vəsiqə qazanıb. 

Qadınlar
48 kq

Leyla Əliyeva ilk qarşılaşmasın fransalı Melani Vieunu mübarizədən kənarlaşdırıb. 1/8 finalda Funa Tonaki (Yaponiya) ilə güləşən cüdoçumuz uduzub. 

Aişə Qurbanlı da 1/16 finalda almaniyalı Katarina Mensə gücünü göstərib. İdmançımız növbəti görüşündə İrina Xubulova (Rusiya) ilə qüvvəsini sınayıb və rəqib mərhələ adlayıb.

52 kq
Gültac Məmmədəliyeva da ilk qarşılaşmasını 1/16 finalda keçirib. Meksikalı Lus Olveyradan üstün olan cüdoçu ardınca fransalı Astrid Qneto ilə mübarizə aparıb. Döyüş rəqibin aktivinə yazılıb.  

Qeyd edək ki, üç gün davam edəcək yarışda Azərbaycanın 10 cüdoçusu mübarizə aparır.