11:00 05-05-2021
news_image
1218
FUTBOL

Taleyi öz əlində olan “beşlik” və möcüzə axtaran “Sabah”

Azərbaycan futbolunda 2020/21 mövsümünün bitməsinə 13 oyun qalıb.

Apasport.az saytının məlumatına görə, Premyer Liqanın son üç turunun 12 görüşü və Azərbaycan kubokunun final matçı ilə mövsümə yekun vurulacaq.

Bu qarşılaşmalar bütün mətləblərə aydınlıq gətirəcək. Hansısa komandanın aşağı liqaya yuvarlanıb-yuvarlanmayacağı, onun yerinə kiminsə gələcəyi meydanlarda deyil, daha çox kabinetdə - lisenziyalaşdırma komissiyasında müəyyənləşir.

Bu səbəbdən də mövsümün son 13 görüşü əsasən titul sahiblərini və mükafatçıları, eyni zamanda Çempionlar Liqası və Konfrans Liqasında oynayacaq təmsilçilərimizi müəyyənləşdirməlidir. “Qəbələ” və “Səbail”in avrokuboklara nəzəri şanslarını itirməsindən sonra qitə səhnəsinə çıxmağa 6 iddiaçı qalıb. Onlardan ikisi – “Qarabağ”la “Neftçi”nin hansı turnirdə oynayacağı, digərlərinin Konfrans Liqası taleyi finişdə bilinməlidir.

Komandaların finişdəki şanslarına nəzər salsaq, görərik ki, 5 komandanın taleyi öz əlindədir. Yalnız “Sabah” həm özü superfinişə imza atmalı, həm də digər qarşılaşmalarda arzulanan nəticələrə bel bağlamalıdır. Möcüzədən asılı “Sabah”dan fərqli digərlərinin işi daha asandır.

Yeri gəlmişkən, mövsümün son 13 oyunundan 12-si avrokubok baxımından önəm kəsb edir. Yalnız son turun “Keşlə” – “Qəbələ” matçı ən yaxşı halda son yerin sahibi baxımından rol oynaya bilər. Amma qarşıdakı turlar keçdikcə, belə formal görüşlərin sayının artması da mümkündür.

“Qarabağ” – 51 xal
Avrokuboka vəsiqəni çoxdan təmin edən Qurban Qurbanovun yetirmələri çempionluq mübarizəsi aparır. Yeganə rəqibi “Neftçi”ni bir xal qabaqlayan ağdamlılar üç qələbə qazanmasa belə 1-ci yeri qoruya bilər. “Qarabağ” ilk 2 oyunda qalib gəlsə, “Neftçi” ilə heç-heçə də çempionluq üçün yetərli olacaq. Əyalət təmsilçisi “Sabah” və “Keşlə” ilə çətin görüşlərin birində heç-heçə edə, hətta uduza da bilər. Amma belə olan halda son turda mütləq qələbə qazanmalıdır. Təbii ki, həm bu, həm digər komandaların şanslarından danışarkən rəqiblərin gözlənilməz xal itkiləri nəzərə alınmır.
09.05.2021. “Sabah” – “Qarabağ”
14.05.2021. “Qarabağ” – “Keşlə”
19.05.2021. “Neftçi” – “Qarabağ”

“Neftçi” – 50 xal
Lider kimi ən yaxın izləyicisi də ilk iki yerdən birini təmin edib. Bakılıların da yeganə hədəfi qızıl medallardır. “Neftçi” əsas rəqibi kimi xal itirmək imkanına da malikdir. Amma bu ilk iki oyundan birində olmalı və ən pis halda heç-heçə ilə nəticələnməlidir. Samir Abasovun yetirmələri “Səbail” və “Sumqayıt”la çətin sınaqlarda istər 6, istərsə 4 xal qazansa da son turda mütləq qalib gəlməlidir. 
08.05.2021. “Səbail” – “Neftçi”
14.05.2021. “Sumqayıt” – “Neftçi”
19.05.2021. “Neftçi” – “Qarabağ”

“Zirə” – 34 xal
Konfrans Liqasına iddialı qəsəbə təmsilçisini avrokuboklara 3-cü yer aparır. Düzdür, “Sumqayıt”ın kubok qazanması 4-cü yerin sahibinə də Avropa qapılarını açacaq. Lakin taleyi öz əlində olması üçün Rəşad Sadıqovun yetirmələri hər üç qarşılaşmada qələbə qazanmalıdır. 3-cülük əldən gedəcəyi halda isə kubokun finalına ümidin qalması üçün heç olmasa bir xal qazanılması vacibdir.
09.05.2021. “Zirə” – “Qəbələ”
14.05.2021. “Zirə” – “Səbail”
19.05.2021. “Sabah” – “Zirə”

“Sumqayıt” – 33 xal
“Gənclik şəhəri” təmsilçisi Avropaya iki yolu olan yeganə Azərbaycan komandasıdır. Ayxan Abbasovun yetirmələri həm çempionat, həm kubokdan Konfrans Liqasına qatılmaq imkanını qoruyur. “Sumqayıt”ın bürünc medal qazanması özündən asılı deyil. Bunun üçün “Zirə”nin büdrəməsinə ümid edən komanda özü də uğurlu çıxış etməlidir. Amma Abbasovun komandasının avrokuboklara kubokdan qatılmaq şansı öz əlindədir. Bunun üçün nə 2, nə 3 deyil, cəmi 1 matçda – finalda qələbə yetərlidir.
08.05.2021. “Keşlə” – “Sumqayıt”
14.05.2021. “Sumqayıt” – “Neftçi”
19.05.2021. “Səbail” – “Sumqayıt”
24.05.2021. “Keşlə” – “Sumqayıt”

“Sabah” – 25 xal
Son illər böyük maliyyə qoyuluşlarına baxmayaraq uğursuzluqları sıralayan paytaxt təmsilçisinin avrokubok xəyalı yalnız möcüzədən ibarətdir. Ramin Quliyevin yetirmələri çempionatda hər üç görüşdə qələbə qazanmalı, “Zirə” üç məğlubiyyət almalı, “Sumqayıt” maksimum 1 xal əldə etməlidir. Bu, bürünc medal və Konfrans Liqasına vəsiqə verəcək. Amma “Sumqayıt”ın daha çox xal toplaması da “Sabah”ı Avropaya apara bilər. Bunun üçün gərək “Gənclik şəhəri” təmsilçisi bürünclə yanaşı kuboka da sahib çıxsın.
09.05.2021. “Sabah” – “Qarabağ”
14.05.2021. “Qəbələ” – “Sabah”
19.05.2021. “Sabah” – “Zirə”

“Keşlə” – 23 xal
Çempionatın autsayderinin Premyer Liqada hədəfi qalmayıb. Yuxarıda qeyd etdiyimiz kimi, aşağı dəstəyə yuvarlanmaqla bağlı qeyri-müəyyənlik istisna olmaq şərtilə. Bu üzdən çempionat görüşləri əhəmiyyətsiz olan qəsəbə təmsilçisinin bütün fikirləri kubokun finalı ilə bağlıdır. Sənan Qurbanovun yetirmələri cəmi bir görüşdə qələbə qazansa, Konfrans Liqasına qatılacaq.
24.05.2021. “Keşlə” – “Sumqayıt”

Yarımmüdafiəçi, yoxsa hücumçu?
Finişdəki mübarizə təkcə medallar və avrokuboklara vəsiqələr deyil, həm də bombardirlik üçün böyük əhəmiyyət kəsb edir. Aktivində 18 qol olan “Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələsgərov bu mübarizədə favoritdir. O, bu rəqəmi “Səbail”, “Sumqayıt” və “Qarabağ”la görüşlərdə artırmaq imkanına da malikdir. İki qolluq geriliyi aradan qaldırmalı olan Mahir Emreli isə “Qarabağ”ın “Sabah”, “Keşlə” və “Neftçi” ilə qarşılaşmalarında fərqlənməlidir. Hücumçu istəyinə çatmaq üçün ən azı 2 top vurmalı və əsas rəqibinin susqunluğuna ümid etməlidir.