17:17 23-05-2021
news_image
372
FUTBOL

Ginnesin Rekordlar Kitabına düşən sürpriz futbolçular - ADLAR

Hər il dünya futbolunda saysız-hesabsız rekordlar qırılır.

Apasport.az saytının məlumatına görə, onlar arasında Ginnesin Rekordlar Kitabına düşənlər də var.

Məsələn, Lionel Messi bir təqvim ilində ən çox qol vuran, Pele dünya çempionatları tarixində finalda fərqlənən ən gənc oyunçu, Kriştiano Ronaldo isə UEFA-nın təşkilatçılığı altında keçirilən turnirlərdə ən çox qol vuran futbolçudur.

Bunlar əksəriyyət tərəfindən bilinən rekordlardır. Bu yazıda isə böyük ulduz olmamalarına rəğmən sürpriz kateqoriyalar üzrə Ginnesin Rekordlar Kitabına düşən futbolçuları nəzərinizə çatdıracağıq.

Niklas Bendtner
Rekordu:
Sonradan meydana daxil olaraq ən qısa müddətdə qol vurma.
Danimarkalı hücumçu “Arsenal”da olarkən 2007/08 mövsümündə “Tottenhem”lə görüşdə Emmanuel Ebueni əvəzləyib. Meydana daxil olduqdan 1,8 saniyə sonra Sesk Fabreqasın künc zərbəsindən havalandırdığı topu başla qapıya göndərib.

Ceymi Rednapp
Rekordu:
Ən yüksək səviyyədə top nəzarəti.
Rednapp çox da hündürlüyə tullanan futbolçu deyildi. Ancaq bir oyunda 1 metr 85 sm yüksəklikdən gələn topu ayağı ilə saxlamağı bacarıb. Lionel Messinin 2017-ci ildəki cəhdi Rednappdan 6 sm aşağı olub.

Con Samuelsen
Rekordu:
Ən uzaq məsafədən başla vurulan qol.
Norveçli sabiq futbolçu “Odds”un formasını geyindiyi zaman “Tromse”nin qapısına başla qolu meydanın mərkəzindən də geridən vurub. Samuelsen topa toxunduğu yerdə rəqib qapısından 58,1 metr aralıda olub.

Kristian Benteke
Rekordu:
Millilərin oyununda vurulan ən erkən qol.
“Kristal Pelas”da çıxış edən Benteke Belçika yığmasında çox sayda ulduz futbolçu olmasına baxmayaraq, bir rekordun sahibidir. DÇ-2018-in seçmə mərhələsində Cəbəllütariqi məğlub edən belçikalılar matç asan keçdiyi üçün, bəlkə də, Bentekenin 8,1-ci saniyədə vurduğu qola borcludur. Ona qədər rekord 1993-cü ildə İngiltərənin qapısına 9-cu saniyədə yol tapan san-marinolu Devid Qualtieriyə məxsus olub.

Dele Alli
Rekordu:
30 saniyə ərzində ən çox ayaq arasından top keçirmə.
“Tottenhem”in yarımmüdafiəçisi bu rekordu qırmaq üçün şəxsən Ginnesin Rekordlar Kitabına müraciət edib. Ona bunda Georges-Kevin Nkudu kömək edib. Nkudu yerində tərpənmədən dayanıb, Alli də 30 saniyə ərzində 8 dəfə topu onun ayaqları arasından keçirərək rekorda yiyələnib.

Tim Hovard
Rekordu:
Dünya çempionatının bir oyununda ən çox qurtarış etmə.
Hovard yaxşı qapıçı sayılırdı. Ancaq heç vaxt böyük qolkiper olmayıb. ABŞ-lı DÇ-2014-də Belçika ilə matçda 16 dəfə komandasını qoldan xilas edib.

Roar Strand
Rekordu:
Ən çox liqa çempionluğu qazanma.
“Rusenborq”un akademiyasında yetişən Strand 21 il bu komandanın formasını geyinib. Yalnız 1 mövsüm icarə əsasında başqa kluba göndərilib. Həmin 21 mövsümün 16-da “Rusenborq” Norveç çempionu olub. Bu da Strandın rekordu ələ keçirməsinə yol açıb.