00:02 07-05-2021
news_image
100
FUTBOL

Əlcəzairin ÇL-dəki bombardirləri – Mahrezin qırdığı rekord

“Mançester Siti”nin yarımmüdafiəçisi Riyad Mahrez Çempionlar Liqasının (ÇL) yarımfinal mərhələsində PSJ ilə cavab görüşündə dubl edərək, komandasını finala daşıyıb.

Apasport.az saytının məlumatına görə, bununla ulduz futbolçu ölkəsi Əlcəzairin tarixinə düşüb.

Bəs Əlcəzairin Çempionlar Liqasında ən çox qol vuran futbolçuları kimlərdir? Gəlin, həmin 5 oyunçuya nəzər yetirək.

1. Riyad Mahrez - 10 qol
PSJ ilə yarımfinal mərhələsinin hər iki matçında fərqlənən “Mançester Siti”nin yarımmüdafiəçisi ÇL tarixinin ən çox qol vuran əlcəzairli futbolçusu ünvanına yiyələnib. 30 yaşlı hücumameyilli oyunçu “Lester”də 3, “Mançester Siti”də isə 7 dəfə fərqlənib.

2. Yasin Brahimi - 8 qol
Cinah oyunçusu bütün qollarına “Porto”nun heyətində imza atıb. Brahimi eyni zamanda qitənin ən nüfuzlu klub turnirində het-trik edən ilk əlcəzairli və “Porto”ludur.

3. Sofian Fequli - 6 qol
Hazırda “Qalatasaray”da çıxış edən yarımmüdafiəçi “sarı-qırmızılı” formada 1 dəfə fərqlənib. Fequli digər 5 qolu “Valensiya”da olarkən vurub.

4. İslam Slimani - 3 qol
“Lion”un hücumçusu 2014/15 mövsümündə “Sportinq”də olarkən 2, 2016/17 mövsümündə isə “Lester”in heyətində 1 qolla yadda qalıb.

5. Nabil Bentaleb - 3 qol
Orta sahə oyunçusu hər 3 qolunu penaltidən vurub. O, 2018/19 mövsümündə “Şalke” forması altında “Porto”nu 1, “Mançester Siti”ni isə 2 dəfə cəzalandırıb.