21:26 06-05-2021
news_image

Sərbəst güləşçilərimiz lisenziyasız qaldı - Sofiyada

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada güləş üzrə Dünya Olimpiya Təsnifat Turniri start götürüb.

Apasport.az saytının məlumatına görə, ilk yarış günündə sərbəst güləşçilər mübarizəyə başlayıb.

Georgi Edişeraşvili ilk mərhələdə gürcü həmkarına qalib gəlib. Təcrübəli güləşçimiz daha sonra pakistanlı rəqibini məyus edib. Yığma üzvü tacikistanlı güləşçini də böyük fərqlə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Monqolustan idmançısına məğlub olan Edişeraşvili Olimpiadaya lisenziya qazana bilməyib.

Abubakr Abakarov debütdə İstail güləşçisi üzərində inamlı qələbə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Gürcüstan pəhləvanını tam üstünlüklə sıradan çıxarıb. Qazaxıstan təmsilçisiylə görüş gərgin mübarizə şəraitində keçib. Sonuncu xal prinsipinə əsasən Abakarov adını yarımfinala yazdırıb. Lakin finala gedən yol onun üçün uğursuz alınıb. 4:0 hesabı ilə öndə güləşçimiz üstünlüyü əldən verib. Abubakr sonuncu xal prinsipinə əsasən bu dəfə özü uduzub və Olimpiadaya vəsiqə şansını əldən verib. 

Mübarizəyə 1/8 finaldan qoşulan Vahid Qalayev ispaniyalı idmançını vaxtından əvvəl üstələyib. Ancaq daha sonra Venesueladan olan həmkarına uduzub.

Beləliklə, sərbəst güləşçilərimizin heç biri finala yüksələ bilmədiyi üçün Sofiyada lisenziya qazana bilməyib. Nəticədə bu növ üzrə millimiz Tokio-2020-də 6 çəki dərəcəsindən 3-də təmsil olunacaq. Hacı Əliyevlə (65 kq) Hacımurad Hacıyev (74 kq) Avropa Təsnifat Turnirində, Şərif Şərifov (97 kq) isə dünya çempionatında Olimpiadada iştiraklarını təmin ediblər. 

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turnirinin yarımfinalında uduzan Edişeraşvili və Abakarov mayın 7-də bürünc medal uğrunda döyüşə çıxacaqlar. 

57 kq
Təsnifat: Georgi Edişeraşvili - Otari Qoqava (Gürcüstan) 4:0
1/8 final: Georgi Edişeraşvili - Məhəmməd Bilal (Pakistan) 6:2
1/4 final: Georgi Edişeraşvili - Məhəmməd İkramov (Tacikistan) 11:4
1/2 final: Georgi Edişeraşvili - Bexbayar Erdenebat (Monqolustan) - 2:6
Bürünc medal görüşü: Georgi Edişeraşvili - Taras Markoviç (Ukrayna) / Givi Davidovi (İtaliya)

86 kq
Təsnifat: Abubakr Abakarov - Uri Kalaşnikov (İsrail) 8:1
1/8 final: Abubakr Abakarov - Sandro Aminaşvili (Gürcüstan) 14:3
1/4 final: Abubakr Abakarov - Azamat Dauletbekov (Qazaxıstan) *2:2
1/2 final: Abubakr Abakarov - Boris Makoyev (Slovakiya) - 4:4*
Bürünc medal görüşü: Abubakr Abakarov 

125 kq
1/8 final: Vahid Qalayev - Xose Kuba Vaskes (İspaniya) 10:0
1/4 final: Vahid Qalayev - Xose Dias Robertti (Venesuela) 3:3*